Azərbaycan və Avstriya arasında iqtisadi münasibətlər möhkəm təməl üzərində qurulub. "APA-Economics" xəbər verir ki, bunu "The Business Year” jurnalına müsahibəsində Avstriya prezidenti Haynts Fişer deyib.
Onun sözlərinə görə, Azərbaycandan Avstriyaya ixracın 90%-ni neft təşkil edir: "Bu ona göstərir ki, Azərbaycanın ixracı neftdən asılıdır. Biz başa düşürük ki, Azərbaycan prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın diversifikasiyasını və islahatlar həyata keçirməyə çalışır. Bu, çox mürəkkəb və uzun vaxt tələb edən bir prosesdir. Digər region ölkələri də oxşar problemlərlə qarşılaşır. Avstriya iqtisadi diversifikasiya sahəsində Azərbaycana dəstək verməyə hazırdır. Bir çox Avstriya şirkətləri planlaşdırma, arxitektura və tikinti biznesi ilə məşğuldur. Neft və qaz hasilatı sahəsində yüksək keyfiyyətli avadanlıq təchizatçısı kimi Avstriya Azərbaycan texnoloji inkişafa öz köməyini əsirgəməyib. Avstriyadan Azərbaycana ixracda əhəmiyyətli yer tutan əczaçılıqla da bağlı bunu söyləmək mümkündür. Bu baxımdan texnoloji sahədə universitet və akademik əməkdaşlıq faydalı olardı".