Azərbaycanda milli valyutanın üzən məzənnə rejiminə keçidi özünü doğrultdu. Trend-in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.
Onun sözlərinə görə, indiki şəraitdə qlobal iqtisadiyyatda vəziyyəti nəzərə alsaq, bu, düzgün qərardır və o, Azərbaycanın strateji maraqlarına uyğundur: "Azərbaycan manatı dayanıqlığı təmin edilməyənədək "üzən" rejimdə olacaq. Əsas vəzifəmiz manatın məzənnəsinin ifrat dəyişkənliyinin qarşısını almaqdır".
Elman Rüstəmov deyib ki, Mərkəzi Bank "Atrabank" və "Qafqaz İnkişaf Bankı"nın lisenziyalarının geri çağrılması ilə əlaqədar öz maraqlarını məhkəmə qaydasında qorumaq niyyətindədir. O bildirib: "Məhkəmə prosesi gedir. Təbii ki, məhkəmədə qəbul edilən qərarı və maraqlarımızı qoriyacağıq".
E.Rüstəmov bankların konsolidasiyası mövzusuna toxunaraq vurğulayıb ki, bu proses hələ başa çatmayıb: "Yeni səhmdarlar yığıncaq keçirəndə o başa çatacaq. Hələ ki, 3 bank konsolidasiya prosesindədir, onlar artıq niyyət protokolu imzalayıblar. Lakin gələcək proses vaxt tələb edir. Əvvəlcə onlar aktivlərin qarşılıqlı qiymətləndirmələrini aparmalıdırlar və s.".
Mərkəzi Bankın sədri qeyd edib ki, Azərbaycan bankları hərraclar vasitəsilə kifayət qədər həcmdə valyuta alırlar. E. Rüstəmov bildirib: "Hazırda hərraclar keçiririk və gördüyünüz kimi bazarda digər paralel proseslər yoxdur. Bizim öz qrafikimiz var və onun üzrə hərraclar keçiririk. Vəzifəmiz valyuta ilə təmin etmək deyil, manatın məzənnəsinin ciddi dəyişməsinin qarşısını almaqdır".
O əlavə edib ki, 2016-cı ilin yenilənmiş dövlət büdcəsi artıq qəbul edilib və orada transfert proqramı nəzərdə tutlub: "Bu, bazarı valyuta ilə təmin etməkdə əsas kanaldır".
Elman Rüstəmov onu da deyib, Mərkəzi Bank artıq öz kapitalını 500 milyon manat səviyyəsində formalaşdırıb.
"Azərbaycan Mərkəzi Bankı haqqında" qanuna müvafiq dəyişikliklər ötən il edilib.