"Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin icra olunduğu ərazilərin relyefi çox çətindir". APA-nın xəbərinə görə, bu barədə Tiflisdə keçirilən Bakı-Tiflis-Qars dəmir yolu layihəsi üzrə üçtərəfli Koordinasiya Şurasının iclasından sonrakı mətbuat konfransında nəqliyyat naziri Ziya Məmmədov bildirib.
Nazir bildirib ki, Bakı-Tiflis-Qars dəmir yolunun tikintisi olduqca mürəkkəb prosesdir. Nəqliyyat nazirinin sözlərinə görə, Bakı-Tiflis-Qars layihəsi 2017-ci ilin əvvəlində tam istismara veriləcək: "Qeyd edilən dövrdən etibarən qatarların hərəkəti, yükdaşımalar və sərnişin daşımaları təmin olunacaq. Bir sözlə, Avropa və Asiya arasında yeni bir pəncərə açılır".
Z. Məmmədov bildirib ki, hazırda Bakı-Tiflis-Qars layihəsinin ümumi dəyəri 775 mln. dollar təşkil edir.