Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta İmişli rayonuna səfəri çərçivəsində regionun ən böyük şəkər istehsalat müəssisəsi olan və Azərbaycanın qeyri-neft sektorunun inkişafında müstəsna rol oynayan "Azərsun Holdinq”ə məxsus İmişli Şəkər Zavoduna baş çəkib.
"Azərsun Holdinq”dən Trend-ə verilən məlumata görə, Şirkətlər Qrupunun baş direktoru Savaş Uzan səfirə müəssisə barədə ətraflı məlumat verib və onu istehsal prosesi ilə tanış edib. Qonaq əvvəlcə laboratoriyanı ziyarət edib və Azərsun müəssisələrində keyfiyyətə nəzarət prosesinin yüksək səviyyədə təşkil olunduğunu əyani izləyib.
Sonra istehsal və qablaşdırma sahələrində olan R.Sekutaya Şəkər Zavodun ABŞ-a məxsus müxtəlif transmilli şirkətlərinin regiondakı yeganə Şəkər tərəfdaşı olduğu bildirilib. Daha sonra səfir Azərbaycan Şəkər İstehsalat Birliyinin nəzdində fəaliyyət göstərən və illik istehsal gücü 300 min ton olan müasir Şəkər Yem Fabrikini ziyarət edib.