Azərbaycanda elektrik paylayıcı şəbəkənin işçi vəziyyətə gətirilməsi üçün 4 milyard dollar sərmayə lazımdır. Trend-in məlumatına görə, bunu energetika naziri Natiq Əliyev jurnalistlərə deyib. Enerji sektorunun özəlləşdirilməsi imkanlarına münasibət bildirərkən nazir qeyd edib ki, bu sahədə istehsal deyil, köməkçi və xidməti şirkət və müəssisələr özəlləşdirilə bilər.
Onun sözlərinə görə, SOCAR-ın özəlləşdirilməsi də mümkün deyil: "Mövcud elektrik paylayıcı şəbəkələrin dünya standartlarına cavab verməsi üçün 4 milyard dollar sərmayə qoymaq lazımdır. Özəlləşdirmə zamanı fiziki şəxslər belə sərmayələrin öhdəsindən çətin ki, gəlsin, buna görə də bunu ancaq iri şirkətlər edə bilər. Bu səbəbdən elektrik paylayıcı şirkət və istehsalçıların özəlləşdirilməsindən danışmaq hələ tezdir. Eyni zamanda elektrik enerjisi sahəsində yardımçı şirkətlər özəlləşdirilə bilər”.
Natiq Əliyev jurnalistlərə deyib ki, neftin ucuzlaşması uzun müddət davam edə bilməz. Nazirin sözlərinə görə, neftin indiki ücuz qiyməti iqtisadi səbəblərlə deyil, siyasi səbəblərlə əlaqəlidir və bu, uzun müddət davam edə bilməz.
O bildirib ki, hazırda OPEK ölkələri və bu təşkilata daxil olmayan ölkələr hər hansı razılığa gəlməlidir: "Dünya bazarlarında neftin optimal qiymətinin neçəyə olmasını anlamaq lazımdır. OPEK ölkələri artıq bunu bir neçə dəfə müzakirə edib və vaxtilə qeyd ediblər ki, neftin optimal qiyməti həm ixracatçılar, həm də idxalçılar üçün 70-80 dollardır".
N.Əliyev əlavə edib ki, maksimum ilin sonunadək qiymətlə bağlı vəziyyət dəyişəcək: "Hər hansı konkret proqnoz vermək çətindir. Bu və ya digər proqnozu vermək üçün 20-dən çox faktı təhlil etmək lazımdır".