Aİ Azərbaycan iqtisadiyyatının şaxələndirilməsini dəstəkləməyə hazırdır. Bunu Trend-ə Aİ-nin Brüsseldəki ofisindən deyiblər.
Bildirilib ki, Azərbaycanın Aİ-yə ixracının 98,8 faizini yanacaq təşkil edir və neftin qiymətinin azalması ilk növbədə Azərbaycanın gəlirlərinə təsir edə bilər: "Ölkənin ticarət sahəsi üçün mənfi nəticələrin yumşadılması məqsədilə iqtisadiyyatın şaxələndirilməsi lazımdır və Aİ bu məsələdə Bakını dəstəkləməyə hazırdır".
Aİ nümayəndəsinin sözlərinə görə, Azərbaycanın ticarətlə bağlı qanunverici norma və prosedurlarının beynəlxalq standartlara yaxınlaşdırılması, Ümumdünya Ticarət Təşkilatının yardımı ilə rəqabət qabiliyyətinin gücləndirilməsi Azərbaycanın ticarət sahəsinin və ölkənin Aİ ilə ticarət münasibətinin dəstəklənməsi üzrə səmərəli alətlər ola bilərdi.
Aİ-nin Azərbaycandakı səfiri Malena Mard isə ölkənin milli statistika sisteminin təkmilləşdirilməsi üzrə layihənin reallaşdırılmasına həsr edilmiş tədbirdə deyib ki, Aİ və Azərbaycan arasında müxtəlif istiqamətlər üzrə çoxdan tərəfdaşlıq mövcuddur və Aİ Azərbaycanın modernləşdirilməsi prosesinin hissəsi olmaq istəyir.
Onun sözlərinə görə, Aİ bundan sonra da statistika sahəsində və digər istiqamətlərdə müxtəlif layihələr reallaşdıracaq: "Aİ uzun müddətdir Azərbaycanın ən iri investoru və ticarət tərəfdaşıdır, əməkdaşlığı davam etdirmək istəyirik. Məsələn, ikitərəfli turizm axınını artırmaq istəyirik".