İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf bildirib ki, İran neft sata bilməsə, heç kim Yaxın Şərqdə neft satmayacaq: "Neft satmadığımız bir bölgədə heç kim neft satmayacaq. Təhlükəsizliyimiz təmin olunmasa, heç bir infrastruktur təhlükəsiz olmayacaq və Hörmüz boğazının təhlükəsizliyi Amerika ordusunun yoxa çıxmasındadır. Biz dəfələrlə demişik ki, boğazdakı vəziyyət müharibədən əvvəlki vəziyyətə qayıtmayacaq".
Bir daha xatırladaq ki, 8 iyulda ABŞ prezidenti Donald Tramp 18 iyun gecəsi İranla əldə edilən atəşkəs razılaşmasının artıq qüvvədə olmadığını bəyan edib. ABŞ ordusu 8 iyuldan bəri İrana bir neçə hücum həyata keçirib. ABŞ Mərkəzi Komandanlığı iddia edib ki, bu, İranın Hörmüz boğazından keçən ticarət gəmilərinə qarşı hərəkətlərinə cavab olaraq edilib. İran ordusu buna bir neçə Yaxın Şərq ölkəsindəki ABŞ bazalarına zərbələr endirməklə cavab verib. Tehran həmçinin Vaşinqtonu atəşkəs razılaşmasını pozmaqda ittiham edib. Bunlar fonunda birjalarda xam neft qiymətləri son beş həftənin ən yüksək həddinə yaxınlaşır. Londonun ICE birjasında “Brent” markalı neftin bir bareli 94 dollardan, Nyu-Yorkun NYMEX birjasında “Light” neftinin bir bareli isə 87 dollardan baha satılır. Analitiklərin fikrincə, ABŞ-ın İranın hərbi hədəflərinə ardıcıl zərbələr endirməsindən və İranın dronları ilə Küveytə hücumlardan sonra təchizatda fasilələrlə bağlı narahatlıqlar artıb. Yəməndəki İran tərəfindən dəstəklənən husi üsyançıları Bab əl-Məndəb boğazında Səudiyyə Ərəbistanının neft tankerlərini hədəf alacaqlarını elan edib və Səudiyyə Ərəbistanına dəniz blokadası tətbiq edərək münaqişədə yeni bir cəbhə açıblar. Qırmızı dənizin cənub girişində yerləşən Bab əl-Məndəb boğazı ABŞ və İran arasında bu ayın əvvəlində atəşkəs pozulduqdan sonra Hörmüz boğazından neft daşınmasının kəskin azalmasından sonra Səudiyyə Ərəbistanının xam neft ixracı üçün getdikcə daha vacib bir yola çevrilib. Amma artıq burda da təhlükə yaranıb. Yəmənin Husi üsyançılarının Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası elan etməsi Yaxın Şərq münaqişəsində yeni bir cəbhə açır. İndi Qırmızı dənizi Hind okeanı ilə birləşdirən ikinci ən vacib enerji dəhlizi olan Bab əl-Məndəb boğazı da təhlükə altındadır. Bu eskalasiyanın nəticələri Ərəbistan yarımadasından kənara çıxaraq qlobal neft təchizatı zəncirlərinə və qlobal enerji qiymətlərinə təsir göstərir. Husilər blokadanın konkret mexanizmlərini açıqlamasalar da, Səudiyyə Ərəbistanının istənilən "ehtiyatsız" hərəkətlərinə "qətiyyətli" cavab vermək hüququnu özlərində saxladıqlarını vurğulayırlar. Qrup ümumi səfərbərlik elan edib və tərəfdarlarını istənilən ssenariyə hazır olmağa çağırıb. Beynəlxalq gəmiçilik analitiklərinə görə, Husilər artıq Bab əl-Məndəbdən gəmilərin keçidini bloklamaq təcrübəsinə malikdirlər: 2023-2025-ci illər arasında Qəzza müharibəsi zamanı onlar raketlər, dronlar və sürətli qayıqlardan istifadə edərək onlarla ticarət gəmisinə hücum ediblər. Dörd gəmi batırılıb və boğazdan keçən nəqliyyat rekord həddə aşağı düşüb. Hücumlar yalnız 2025-ci ilin oktyabrında Qəzzada atəşkəs elan edildikdən sonra dayandırılıb. Artıq husilər bir neçə gəmiçilik şirkətinə xəbərdarlıq edərək Səudiyyə Ərəbistanı limanlarına daxil olan və ya çıxan gəmilərin hücuma məruz qala biləcəyini bildiriblər. Yəmənli husilərin sözçüsü Yəhya Saria bildirib ki, qrup Yəmənə qarşı blokada qaldırılana qədər Səudiyyə Ərəbistanı ilə əlaqəli bütün gəmiləri hədəf alacaq. Qadağanın Səudiyyə limanlarına gedən bütün xarici gəmilərə, yoxsa yalnız Səudiyyə bayrağı altında üzən gəmilərə şamil ediləcəyi məlum deyil, lakin qeyri-müəyyənlik fonunda əksər gəmiçilik şirkətləri artıq marşrutlarını dəyişdirməyə başlayıblar. Hələ mart ayında Vaşinqton və Tehran arasındakı münaqişə səbəbindən Hörmüz boğazı faktiki olaraq fəaliyyətsiz hala gəldikdən sonra Səudiyyə Ərəbistanı Qırmızı dəniz vasitəsilə alternativ bir marşruta güvənirdi. Bu, ölkənin şərqindəki Abqaiq neft mərkəzini Qırmızı dəniz sahilindəki Yanbu limanı ilə birləşdirən Şərq-Qərb Boru Kəməri ilə bağlı idi. Bu boru kəməri sayəsində Ər-Riyad neft ixracının 70%-ə qədərini Hörmüzü keçərək qərb cinahına yönləndirə bildi. Analitik firma olan “Kpler”in məlumatları göstərir ki, iyun ayında Yanbudan ixrac gündəlik orta hesabla 4,1 milyon barelə çatıb və bəzi həftələrdə bu rəqəm 4,9 milyon bareli keçib. Bir il əvvəl bu rəqəm gündə 1 milyon bareldən az idi. Lakin məhz Qırmızı dəniz marşrutundan asılılıq krallığı husi təhlükəsinə qarşı son dərəcə həssas edir. Bab əl-Məndəb Qırmızı dənizdən Hind okeanına yeganə çıxış yoludur. Onun bağlanması Yanbu limanını əsas Asiya bazarlarından faktiki olaraq təcrid edir və Səudiyyə Ərəbistanını əsas keçid dəhlizindən məhrum edir. Husilər Bab əl-Məndəb boğazını bağlasalar nə baş verəcək? Asiya neft idxalçıları özlərini böhranın mərkəzində tapacaqlar. Onlar ənənəvi olaraq Bab əl-Məndəb vasitəsilə çatdırılan Səudiyyə Ərəbistanı xam neftinin əsas alıcılarıdır. 2024-cü ildə Səudiyyə Ərəbistanı 187 milyard dollar dəyərində xam neft ixrac edib və onun ən böyük alıcıları Çin, Cənubi Koreya, Yaponiya və Hindistan olub.
“Kpler”in hesablamalarına görə, hazırda Bab əl-Məndəb boğazından Asiyaya gündə təxminən 6 milyon barel xam neft keçir ki, bunun üçdə ikisi Səudiyyə Ərəbistanından, qalan hissəsi isə əsasən dəniz yolu ilə daşınan Rusiya neftidir. Çarə axtaran bəzi asiyalı alıcılar artıq Süveyş kanalı marşrutunu nəzərdən keçirirlər. Məntiq neftin şimal-qərbdən Yanbuya, Süveyşdən keçərək Aralıq dənizinə, daha sonra Afrika və Ümid burnundan keçərək Asiyaya daşınmasıdır. Bu, həm Hörmüz, həm də Bab əl-Məndəb boğazından yayınmaq deməkdir. Gəmi izləmə məlumatları göstərir ki, bu təcrübə artıq başlayıb. Hindistana çatdırılmaq üçün Yanbuya yüklənən Liberiya bayrağı altında üzən “Rodos” tankeri geri dönüb Süveyş kanalına doğru yola düşüb. Cənubi Koreyanın emal şirkəti “Hyundai Oilbank” da Süveyşdən keçmək və Misirin SUMED boru kəmərindən istifadə etmək seçimi ilə Yanbuya yükləmək üçün çox böyük bir tanker istəyib. Lakin bu marşrut əhəmiyyətli məhdudiyyətlərlə doludur. Əsas problem gəminin ölçüsüdür. Yanbudan gələn Səudiyyə neftinin əksəriyyəti çox böyük tankerlərlə daşınır və onlar tam yükləndikdə Süveyş kanalından keçmək üçün çox dərin suya batır. Tranzit ya tankerin kanala girməzdən əvvəl qismən boşaldılmasını (neftin bir hissəsini quru yolu ilə daşımaq üçün SUMED istifadə etməklə), ya da yenidən yükləmədən kanaldan keçə bilən daha kiçik gəmilərdən istifadə etməyi tələb edir. Hər iki variant da daşınma müddətini və dəyərini artırır. “Kpler”in hesablamalarına görə, Yanbudan Cənubi Koreyaya yüklərin Süveyş və Ümid Burnu vasitəsilə yönləndirilməsi səyahət müddətini təxminən 24 gündən 54 günə qədər artırır. Əlavə yanacaq, sığorta haqları və tankerlərə artan tələbat yük daşımalarının qiymətlərində əhəmiyyətli dərəcədə artıma səbəb olacaq. Bundan əlavə, kanalın tutumu məhduddur - Qırmızı dənizdəki əvvəlki böhran zamanı Süveyş kanalından keçən nəqliyyat artıq yarıbayarı azalmışdı və onun tutumu itirilmiş həcmləri tam kompensasiya etmək üçün kifayət etməyəcək. Buna görə də, Süveyş kanalı Bab əl-Məndəb və Hörmüzdən keçən birbaşa marşrutları qismən azalda bilər, lakin tamamilə əvəz edə bilməz. Onun istifadəsi tam hüquqlu alternativdən daha çox məhdud həcmlər üçün təcili tədbir olaraq qalacaq. Bu vəziyyətin təsirini, Asiya idxalçıları ilə yanaşı, Qərb iqtisadiyyatları da hiss edəcək. Yüksək neft qiymətləri, xüsusən də Səudiyyə Ərəbistanının Qərb sahilindəki neft emalı zavodlarından dizel tədarükündən asılı olan Avropada əlavə inflyasiya təzyiqi yaradacaq. Bu qurğuların gündəlik tutumu təxminən 1,9 milyon bareldir və husilər tərəfindən onlara edilən birbaşa hücumlar və ya hər hansı bir fasilə yalnız yanacaq çatışmazlığını daha da artıracaq. Bundan əlavə, Hörmüz boğazının beş aylıq blokadasını yaşayan ölkələrdə strateji neft ehtiyatlarının tükənməsi qeyri-sabitliyin başqa bir amilini yaradacaq. İtirilmiş həcmləri digər bölgələrdə istehsalın artması ilə əvəz etmək qısa müddətdə mümkün deyil, çünki əksər əsas istehsalçılar güc limitləri ilə işləyirlər. Beləliklə, husilərin Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası Yaxın Şərq böhranında daha bir dönüş nöqtəsi olur. Bu, Ər-Riyadı Hörmüz boğazından yan keçən əsas neft ixrac marşrutundan məhrum edə və qlobal enerji təchizatını təhdid edə bilər.
Samirə SƏFƏROVA