Ukrayna dronları iyulun 24-ü gecəsi Sankt-Peterburq və Leninqrad vilayətindəki “Wildberries” logistika obyektlərinə zərbələr endirib.
Hücumdan sonra “Wildberries” şirkəti Şuşarı (Sankt-Peterburq) və Utkina Zavod sənaye zonasındakı anbarlarının fəaliyyətini dayandırdığını elan edib. Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko şirkətin Novosaratovka kəndindəki anbarında baş verən yanğını təsdiqləyib və üç nəfərin xəsarət aldığını bildirib.
Onun sözlərinə görə, Sinyavino kəndindəki Severnaya quşçuluq fermasının anbarına da ziyan dəyib, lakin tələfat olmayıb.
Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov konkret hədəfləri göstərmədən Moskva şossesində mülki infrastruktura hücumlar barədə məlumat verib.
“Wildberries” həmçinin Simferopoldakı çeşidləmə mərkəzinin boşaldıldığını elan edib. Şirkətin Rusiyanın digər bölgələrindəki obyektlərinə dəyən ziyan barədə məlumatlar da var, baxmayaraq ki, bəzi hadisələrin rəsmi təsdiqi alınmayıb.
Tahir TAĞIYEV