ABŞ prezidenti Donald Tramp Yəmən husilərinin Qırmızı dənizdə Səudiyyə Ərəbistanının iki gəmisinə raket hücumundan sonra daha bir ultimatum verib.
O, sosial media hesabında verdiyi açıqlamada ABŞ-ın bir il əvvəl dəniz ticarətini əngəllədikləri üçün husiləri şiddətli şəkildə bombaladığını xatırladıb. Tramp husilərin o vaxtdan bəri "son dərəcə ağıllı və peşəkarcasına" hərəkət etdiyini, lakin dünən gecə baş verən hücumla vəziyyətin dəyişdiyini iddia edib.
"O vaxtdan bəri və İranla münaqişəmiz boyunca husilər çox məsuliyyətli davranıblar. Təəssüf ki, onlar yenidən başladılar və dünən gecə Səudiyyə Ərəbistanının iki gəmisinə atəş açdılar. Əgər onlar bunu yenidən etsələr, ABŞ buna görə birbaşa İranı məsul tutacaq. Çünki husilər İranın nümayəndəsi və davamıdır. Bu halda İrana çox ağır hərbi cəzalar veriləcək. Əlbəttə ki, husilərin özləri də layiq olduqları cəzanı alacaqlar. İndiyə qədər nümayiş etdirdikləri peşəkar münasibətdən sonra onların davranışlarından dərin məyusluq hissi keçirirəm".
Hörmüz boğazını faktiki olaraq bağlı saxlamaqla qlobal enerji böhranını dərinləşdirən İran indi də Bab əl-Məndəb boğazı üzərindən Səudiyyə Ərəbistanına və Qərb iqtisadiyyatına qarşı dağıdıcı müharibə aparır. Lakin Tehranın bu proksi müharibə strategiyası, Vaşinqtonun müharibəni birbaşa İran torpalarına və hərbi infrastrukturuna daşımaq hədələri ilə şiddətli müqavimətlə qarşılaşıb.
Tahir TAĞIYEV