Xaqani Cəfərli: "Daha bir neçə aya, ən yaxşı halda 1.5-2 ilə Rusiya iqtisadiyyatı tamamilə çökəcək"
Avropa İttifaqı Rusiyaya qarşı 21-ci sanksiyalar paketini təsdiqləyib. Razılıq uzun danışıqlardan sonra əldə olunub. Yunanıstanın etirazına görə Rusiya mayeləşdirilmiş qazına (LNG) qarşı yeni sanksiyalar hələlik tətbiq edilməyəcək.
Yeni paket çərçivəsində 100-dən çox bank və kriptovalyuta xidməti, 40-dan çox "kölgə donanması" gəmisi, həmçinin Rusiya və Belarusdakı bəzi neft emalı müəssisələri sanksiyaya məruz qalıb. Bundan əlavə, 218 nəfər və təşkilat qara siyahıya salınıb.
Aİ eyni zamanda Rusiya neftinə tətbiq olunan qiymət tavanını bir il müddətinə 44 dollar/barrel səviyyəsində saxlayacaq. Məqsəd Rusiyanın neftdən əldə etdiyi gəlirləri azaltmaq və müharibəni maliyyələşdirməsini çətinləşdirməkdir.
Avropa İttifaqının Rusiyaya qarşı qəbul etdiyi 21-ci sanksiyalar paketi Rusiyanın iqtisadiyyatına və Ukraynadakı müharibəni maliyyələşdirmə imkanlarına nə dərəcədə təsir göstərə bilər?
Yeni sanksiyalar paketi Rusiyanın maliyyə və enerji sektoruna əlavə təzyiq göstərməyi hədəfləyir. Banklara, "kölgə donanması"na və neft emalı müəssisələrinə tətbiq olunan məhdudiyyətlər Rusiyanın neft ixracını və maliyyə əməliyyatlarını çətinləşdirə bilər. Neftin qiymət tavanının aşağı səviyyədə saxlanılması da Moskvanın enerji gəlirlərini məhdudlaşdırmağa hesablanıb.
Bununla belə, bu sanksiyaların qısa müddətdə Rusiyanın müharibəni maliyyələşdirmək imkanlarını ciddi şəkildə zəiflədəcəyini demək çətindir. Rusiya alternativ bazarlar, xüsusilə Çin və Hindistan vasitəsilə ixracını davam etdirməyə çalışır. Buna görə də sanksiyaların əsas təsiri daha çox uzunmüddətli perspektivdə özünü göstərə bilər.
Politoloq Xaqani Cəfərli məsələ ilə bağlı "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, Rusiyanın Ukraynaya qarşı cinayətkar müharibəsinə, Moskvanın işğalçılıq siyasətinə qarşı Avropa İttifaqının bu günə qədər Rusiyaya qarşı tətbiq etdiyi 21 sanksiya paketi, təəssüf ki, Rusiya iqtisadiyyatının dayanmasına gətirib çıxarmayıb: "Buna görə də Kreml Ukraynaya qarşı cinayətkar müharibəni bu günə kimi davam etdirir.
Bununla yanaşı, Avropa İttifaqının bu günə qədər Rusiyaya qarşı tətbiq etdiyi 21 sanksiya paketinin müəyyən nəticələr doğurduğu da göz önündədir. Kreml Ukraynaya qarşı cinayətkar müharibəni maliyyələşdirməkdə çətinlik çəkir. Bu ordunun təminatı və muzdluların cəlb olunmasında aydın müşahidə olunur. Ən əsası isə, sanksiyalar Rusiya iqtisadiyyatını dağıdır. Çin, Hindistan və Türkiyə kimi alıcılara görə neft-qaz pulları daxil olmaqda davam etsə də, Avropa İttifaqının bugünə qədər tətbiq etdiyi 21 sanksiya paketi Rusiya iqtisadiyyatını öncə zəiflətdi, indi isə dağıtmağa başlayır. Qənaətimcə, Avropa İttifaqının bugünə qədər tətbiq etdiyi 21 sanksiya paketi Rusiya iqtisadiyyatını dağıtmaq gücündədir. Sadəcə olaraq, bunun üçün müəyyən zaman lazımdır. Belə demək olar ki, bu zamanın çoxu gedib, azı qalıb. Daha bir neçə aya, ən yaxşı halda 1.5-2 ilə Rusiya iqtisadiyyatı tamamilə çökəcək.
Dəniz NƏSİRLİ