Polisin qəddar basqılarına baxmayaraq, Hindistanda etiraz əhval-ruhiyyəsinin azalma əlaməti yoxdur. Onun mərkəzində satirik onlayn etiraz olaraq başlayan, lakin tezliklə milyonlarla gənc hindlinin təhsil sistemindəki korrupsiyaya qarşı narazılığını ifadə edən bir qüvvəyə çevrilən "Xalq Tarakan Partiyası" adlı gənclər hərəkatı dayanır.
Əsasən Təhsil nazirinin istefasını istəyən etirazçılar Hindistanın ən görkəmli müxalifət xadimi Rahul Qandi tərəfindən fəal şəkildə dəstəklənir və o, həmçinin Baş nazir Narendra Modinin istefasını tələb edir.
Nepal və Banqladeşdə sonradan hökumətlərinin süqutuna səbəb olan son gənclər hərəkatlarını xatırladan etirazlar may ayında nüfuzlu, yüksək rəqabətli Hindistan tibb məktəblərinə qəbul imtahanları ilə başlayıb. Məlum olub ki, qəbul imtahanı sualları oğurlanaraq satılıb və bu da ilk imtahan nəticələrinin ləğv edilməsinə və iki milyon hindli abituriyentin imtahanı yenidən verməli olmasına səbəb olub. Hətta bir neçə nəfər stress səbəbindən intihar edib. İyun ayında, yenidən qəbul imtahanından bir neçə gün əvvəl Hindistan hakimiyyəti mesajlaşma tətbiqinin fırıldaqçılıq üçün istifadə olunacağından narahat olaraq Telegram-ı müvəqqəti olaraq bloklayıb.
Bütün bunlar isə gənclər arasında qəzəb fırtınasına səbəb olub və onlar təhsil naziri Dharmendra Pradhanın istefasını tələb edir. "Xalq Tarakan Partiyası" qeyri-rəsmi hərəkatı gözlənilmədən etirazların əsas komanda mərkəzi kimi ortaya çıxıb.
Hərəkatın adının yaranma tarixi də maraqlıdır. Bir gün əvvəl Hindistan Ali Məhkəməsinin baş hakimi Surya Kant jurnalistika və ya siyasi aktivizmlə məşğul olan işsiz gənc hindliləri tarakanlar və parazitlər adlandırmışdı. Elə hərəkatın adı da buradan gəldi.
Hərəkat əvvəlcə yalnız bir neçə yüz gənci birləşdirdi, lakin bu həftənin əvvəlində bir çox beynəlxalq media orqanları "tarakanları" Narendra Modi hökuməti üçün əsas təhdidlərdən biri adlandırmağa başladı.
SAMİRƏ