Qulamhüseyn Əlibəyli: “Miqrasiya siyasətinin əsaslı şəkildə dəyişdirilməsi ehtimalı çox da yüksək deyil”
Rusiya iqtisadiyyatı müasir tarixində ilk dəfə olaraq işçi qüvvəsi çatışmazlığı və işçi qüvvəsi təklifində məhdudiyyətlərlə üzləşir. Bunu Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina Moskva Birjasının Birja Forumunda bildirib.
O, bunu hakimiyyət, biznes üçün yeni reallıq adlandırıb və bildirib ki, bizneslər, hökumətlər bu reallığı nəzərə almalıdır: “Hazırda bizdə xarici şərtlərin pisləşməsi, demək olar ki, daimi xarakter daşıyır - bu, həm ixrac, həm də idxal üzrədir. İşsizlik - 2%. Məhz bu və ötən ilin əvvəlinə inflyasiyanın on faizə qədər sürətlənməsi iqtisadiyyatın həddindən artıq yüklənməsinin sübutudur. Yüksək artım templəri deyil, iqtisadiyyatın vəziyyətini xarakterizə edən məhz bu amillərdir”.
Nabiullinanın sözlərinə görə, belə şəraitdə pul-kredit siyasətinin uzunmüddətli sərtliyi qeyri-adi görünə bilər.
Maraqlıdır, bütün bunlar Rusiyada miqrantlarla bağlı tələblərin yumuşaldılmasına gətirib çıxaracaqmı? Çünki bir tərəfdən Rusiyada işçi çatışmır, o biri tərəfdən miqrantlarla bağlı tələblər sərtləşdirilir, onlar hər addımbaşı sıxışdırılır.
Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəyli hesab edir ki, Rusiya iqtisadiyyatının ciddi işçi qüvvəsi çatışmazlığı ilə üzləşməsi həm miqrantlara münasibətlərin rəsmən sərtləşdirilməsi və həm də bir sara digər səbəblərlə əlaqədardır: “Digər səbəblər içərisində Rusiya-Ukrayna müharibəsi və onun törətdiyi nəticələr – miqrantların səfərbərliyə alınaraq cəbhəyə göndərilməsi və bu səbəbdən Rusiyaya əmək miqrasiyasına gəlmək istəyənlərin sayının azalması, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar, habelə Rusiya əhalisinin ümumi demoqrafik azalması və s. göstərmək olar. Təbii ki, əmək miqrantlarına rəsmi və qeyri-rəsmini münasibətlərin sərtləşdirilməsi – miqrantların qeydiyyatının, yaşamaq və əmək fəaliyyətinə icazə qaydalarının çətinləşdirilməsi, ayrı-ayrı sahələrdə işləmək hüquqlarının məhdudlaşdırılması, cəmiyyətdə işçi-miqrantlara münasibətin birmənalı olmaması da ciddi səbəblərdir”.
Q. Əlibəylinin fikrincə, Rusiyada əmək miqrantlarının böyük əksəriyyəti Mərkəzi Asiya və Qafqaz ölkələrindəndir: “Və ənənəvi olaraq iqtisadiyyatın bəzi sahələrində - tikinti, kənd təsərrüfatı, xidmət sektoru kimi sahələrdə miqrant əməyi üstünlük təşkil edir. Məhz həmin sahələrdə işçi qüvvəsinin çatışmazlığı daha çox hiss olunur. Rusiya hakimiyyəti miqrantlara münasibətin sərtləşdirilməsini əsasən təhlükəsizlik və daxili sabitlik amilləri ilə əlaqələndirir. Lakin işçi qüvvəsinin çatışmazlığı bir sıra risklər yarada bilər - əsasən miqrantların üstünlük təşkil etdiyi sahələrdə ciddi geriləmələrə, əmək haqlarının artmasına, inflyasiyaya və s. gətirib çıxara bilər. Hakimiyyətin bu riskləri nəzərə alaraq tədricən daha praqmatik miqrasiya siyasətinə qayıtmaq ehtimalı, çox da böyük olmasa da, var. Başqa sözlə, iqtisadi zərurət hakimiyyəti buna məcbur edə bilər. İlk növbədə konkret sahələrdə işçi-miqrantlar, o cümlədən ixtisaslı işçilər üçün nəzərdə tutulan kvotaların artırılması ehtimalı, ciddi nəzarət mexanizmi saxlanılmaqla miqrantlərın qeydiyyat, yaşamaq və işləmək üçün icazə qaydaları nisbətən yumşaldıla bilər. Lakin bütövlükdə miqrasiya siyasətinin əsaslı şəkildə dəyişdirilməsi ehtimalı çox da yüksək deyil”.
Vidadi ORDAHALLI