Rusiya Müdafiə Nazirliyi xəbərdarlıq edib ki, bəzi Avropa ölkələrinin Ukrayna üçün pilotsuz uçuş aparatlarının (PUA) istehsalını və təchizatını artırmaq qərarı qitədə "hərbi-siyasi vəziyyətin kəskin şəkildə gərginləşməsinə" səbəb ola bilər və potensial olaraq Avropanı münaqişəyə cəlb edə bilər.
Nazirlik iddia edir ki, bu addım "Avropa ölkələrini tədricən Ukraynanın strateji arxa cinahına çevirir".
Açıqlamada qeyd olunur ki, Kiyev administrasiyasının dilə gətirdiyi və Avropada istehsal edilib "Ukraynaya aid" kimi təqdim edilən PUA-lardan istifadə edərək Rusiyaya hücum ssenariləri "gözlənilməz nəticələrə" səbəb ola bilər.
Rusiya Müdafiə Nazirliyi həmçinin Ukrayna üçün PUA və komponentlər istehsal edən müəssisələrin yerləşdiyi ölkələri də sadalayıb.
Siyahıya əsasən, Ukraynaya məxsus PUA istehsal müəssisələrinin bəzi filialları Böyük Britaniya, Danimarka, Latviya, Almaniya, Hollandiya, Litva, Polşa və Çexiyada yerləşir. Nazirlik iddia edir ki, PUA komponentləri isə Almaniya, İspaniya, İtaliya, Çexiya, İsrail və Türkiyədə istehsal olunur.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev isə Ukrayna üçün PUA və hərbi texnika istehsal edən Avropadakı obyektlərin siyahısını "potensial hədəflərin siyahısı" adlandırıb.
Medvedev bildirib ki, bu obyektlərə hücumların nə vaxt baş verəcəyi bundan sonra nə baş verəcəyindən asılıdır.
“Rahat yatın, əziz tərəfdaşlar" – deyə Medvedev bildirib.
Tahir TAĞIYEV