Vüqar Bayramov: “İstehlak kreditlərinə marağın artması praktik olaraq vətəndaşlarımızın daha çox borclanmasına gətirib çıxarıb”
Bu il yanvarın 1-nə Azərbaycan əhalisinin borc yükünün sərəncamında qalmış gəlirlərinə nisbəti ötən il yanvarın 1-i ilə müqayisədə 0,4 faiz bəndi artaraq 18,4 faiz olub. Bu barədə Azərbaycan Mərkəzi Bankının illik “Maliyyə Sabitliyi hesabatı”nda bildirilir.
“Əhalinin borc yükü üzrə dinamikası diqqət mərkəzində saxlanılır. Əhalinin sərəncamda qalan gəlirlərində müsbət artım dinamikası müşahidə edilsə də, əhalinin borc yükünün sərəncamda qalan gəlirdə payının artımı müşahidə edilir”, - deyə hesabatda qeyd olunub.
Maraqlıdır, əhalinin borc yükü niyə artır, nədir bunun kökündə dayanan başlıca səbəb?
Sözügedən məsələyə aydınlıq gətirən millət vəkili Vüqar Bayramov baki-xeber.com-a açıqlamasında bunun səbəbini bir sıra amillərlə əlaqələndirdi: “Əhalinin borc yükünün artması birbaşa son dövrlər xüsusilə istehlak kreditlərinə marağın yüksəlməsi ilə bağlıdır. Praktik olaraq biz vətəndaşların banklardan istehlak kreditlərini cəlb etməsi və daha çox borclanmasını müşahidə edirik. Baxmayaraq ki, gəlirlərdə də artımlar müşahidə edilir, amma istehlak kreditlərinə marağın artması praktik olaraq vətəndaşlarımızın daha çox borclanmasına gətirib çıxarıb. Sözsüz borc yükü ilə əhalinin gəlirlərinin artması dinamikasında müqayisə olunması və öyrənilməsi çox vacibdir. Ancaq bütün hallarda xüsusən də izafi borclanmanın qarşısının alınması ilə bağlı tədbirlərin genişləndirilməsinə ehtiyac var. Məsələ ondadır ki, əhalinin kreditlərə ehtiyacı var. Ancaq daha məqsədəuyğundur ki, real sektora yönəldilən kreditlərin həcmində artımlar olsun. Çünki bu, praktik olaraq izafi borclanma yaratmır. O baxımdan hesab edirəm ki, bu prosesin diqqətdə saxlanılması və izafi borclanmanın qarşısının alınması ilə bağlı sistemli tədbirlərin həyata keçirilməsi vacibdir. Hesab edirəm ki, o zaman borclanma azala bilər”.
Vidadi ORDAHALLI