Rəşad Bayramov: “Məsuliyyət qəbul olunursa, bu məsuliyyətdən irəli gələn hüquqi addımlar da atılmalıdır”
AZAL-ın təyyarəsinin qəzası ilə bağlı Azərbaycan və Rusiya arasında razılıq əldə olunub. Bu barədə hər iki ölkənin Xarici İşlər Nazirlikləri birgə bəyanat yayıb.
Sənəddə bildirilir ki, Azərbaycan Respublikası və Rusiya Federasiyası Prezidentlərinin Düşənbə şəhərində 9 oktyabr 2025-ci il tarixli görüşü zamanı əldə olunmuş anlaşmaya uyğun olaraq, tərəflər 25 dekabr 2024-cü il tarixində Rusiya Federasiyasının hava məkanında hava hücumundan müdafiə sisteminin qeyri-ixtiyari fəaliyyəti nəticəsində “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus Embraer 190 tipli təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar kompensasiyanın ödənilməsi də daxil olmaqla, qəzadan irəli gələn məsələlərin müvafiq şəkildə həlli barədə razılığa gəliblər.
Maraqlıdır, bəs üzr istənilməsi, müqəssirlərin cəzalandırılması necə olsun? Qeyri-ixtiyari olub deyilir, bəs buna görə cəza düşmür? Məgər ehtiyatsızlıqdan törədilən cinayətlər cəzasız buraxılır? Qeyri-ixtiyarı nə deməkdir?
Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən AMİP Ali Məclisinin sədri Rəşad Bayramov buna bir neçə prizmadan yanaşdı: “AZAL təyyarəsinin qəzası ilə bağlı Azərbaycan və Rusiya arasında əldə olunan razılaşma, beynəlxalq hüquq baxımından yalnız kompensasiya sənədi deyil. Bu, həm də dolayı şəkildə dövlət məsuliyyətinin qəbul edildiyini göstərən siyasi-hüquqi siqnal kimi qiymətləndirilə bilər. Bəyanatda “Rusiya Federasiyasının hava məkanında hava hücumundan müdafiə sisteminin qeyri-ixtiyari fəaliyyəti nəticəsində” ifadəsinin yer alması xüsusilə mühümdür. Çünki bu formul hadisənin qəsdən törədilmədiyini bildirsə də, nəticəyə səbəb olan dövlət infrastrukturunun rolunu da dolayısı ilə təsdiqləyir”.
R. Bayramovun fikrincə, hüquqi baxımdan “qeyri-ixtiyari” anlayışı mühüm fərq yaradır: “Beynəlxalq hüquqda bu termin hadisənin qəsd olmadan, yəni birbaşa niyyət güdülmədən baş verdiyini ifadə edir. Lakin bu, məsuliyyətin aradan qalxması demək deyil. Əksinə, ehtiyatsızlıq və ya operativ səhv nəticəsində baş verən hadisələr də dövlət məsuliyyəti yaradır və bu məsuliyyət kompensasiya, diplomatik öhdəliklər və daxili istintaq mexanizmləri ilə tənzimlənir. Yəni qəsd yoxdur ifadəsi, cəza da yoxdur anlamına gəlmir. Bəli, beynəlxalq praktikada dövlətlər adətən kompensasiya ödədikdə, bu, açıq şəkildə günahımızı etiraf edirik formasında deyil, daha çox məsuliyyətin nəticələrinin qəbul edilməsi formatında təqdim olunur. Amma hüquqi məntiq baxımından nəticə dəyişmir. Yəni, zərərin ödənilməsi məsuliyyətin tanınması deməkdir. Bu səbəbdən bu razılaşma yalnız siyasi gərginliyin yumşaldılması deyil, həm də faktiki məsuliyyətin qəbulu kimi şərh oluna bilər. Məsuliyyət qəbul olunursa, bu məsuliyyətdən irəli gələn hüquqi addımlar da atılmalıdır. Hadisənin hətta Rusiya tərəfinin dediyi kimi ehtiyatsızlıqdan törədilməsi belə hüquqda tam cəzasızlıq yaratmır. Odur ki, günahkarların cəzalandırılması qaçılmazdır və Rusiya tərəfi də bu addımları atmalıdır”.
Vidadi ORDAHALLI