Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukraynanın Zaporojye Atom Elektrik Stansiyasına dron hücumundan sonra sərt xəbərdarlıq edib. Medvedev bildirib ki, stansiyada fəlakət baş verərsə, Rusiyanın Ukrayna və NATO ölkələrindəki nüvə obyektlərinə qarşı "simmetrik" şəkildə cavab vermək hüququnu özündə saxlayır.
Medvedev Telegram vasitəsilə verdiyi açıqlamada Zaporojye Atom Elektrik Stansiyasının idarəetmə və ya reaktor zalı fəlakətli şəkildə məhv edilərsə, ortaya çıxacaq ssenarini açıq şəkildə belə təsvir edib: “Aydındır ki, nüvə elektrik stansiyasının idarəetmə və ya reaktor zalı fəlakətli şəkildə məhv edilərsə, yeni Çernobıl baş verəcək. Bunun, taktiki nüvə silahlarından istifadə etməkdən heç bir fərqi yoxdur...
Bu cür hərəkətlərə cavab Ukraynadakı nüvə elektrik stansiyalarına və münaqişədə iştirak edən NATO ölkələrindəki nüvə elektrik stansiyalarına simmetrik zərbə ola bilər".
Medvedevin təhdidi Ukrayna hərbi kamikaze dronu Zaporojye Atom Elektrik Stansiyasının 6-cı enerji blokunun turbin binasına zərbə endirdikdən sonra gəlib. Hücum nəticəsində turbin zalının divarında dəlik yaranıb.
Stansiyanın kommunikasiya direktoru Yevgeniya Yaşina bildirib ki, dronun zərbə nöqtəsi reaktordan cəmi bir neçə metr aralıda olub. “Rosatom”un baş direktoru Aleksey Lixaçev isə hücumun təsadüfi olmadığını və dronun fiber optik kabel vasitəsilə idarə olunduğunu bildirib. Səlahiyyətlilər əsas avadanlıqların zədələnmədiyini və radiasiya səviyyələrinin normal həddə qaldığını bildiriblər.
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi hücumdan sonra böyük narahatlıq ifadə edərək, bunun nüvə təhlükəsizliyinin fundamental prinsiplərini pozduğunu bildirib. BAEA mütəxəssislərinin stansiyadakı zədələnmiş ərazini yoxlaması üçün icazə istəyib.
Bundan əvvəl açıqlama verən Zaporojye AES-in direktoru Yuri Çerniçuk stansiyanın münaqişə zonasındakı ən təhlükəli obyekt olduğunu və potensial hücumun radiasiya təsirlərinin çox uzun müddət davam edəcəyini bildirmişdi.
Medvedevin açıqlaması nüvə infrastrukturunun hədəfə alınmasının münaqişəni daha təhlükəli səviyyəyə qaldıra biləcəyi ilə bağlı narahatlıqları artırıb. Əvvəllər Rusiya rəsmiləri nüvə obyektlərinə edilən hücumları "taktiki nüvə silahlarının istifadəsinə bərabər" adlandırmışdılar.
Medvedev mesajında bu hücumun təkcə Zaporojyeni deyil, həm də bütün Avropanın təhlükəsizliyini təhdid etdiyini və potensial fəlakətin məsuliyyətini Ukrayna və onun tərəfdarlarının üzərinə qoyduğunu iddia edir.
Tahir TAĞIYEV