ABŞ Prezidenti Donald Tramp Truth Social vasitəsilə verdiyi açıqlamada İranın nüvə proqramı, Yaxın Şərqdə təhlükəsizlik və Hörmüz boğazından ticarət gəmilərinin keçidi ilə bağlı diqqət çəkən mesajlar verib. ABŞ prezidenti İranla bağlı vəziyyətlə bağlı yaxın vaxtda yekun qərar verəcəyini açıqlayıb.
Tramp İranın "heç vaxt nüvə silahına sahib olmamalı" prinsipi ilə aydın bir razılaşmaya ehtiyac olduğunu bildirib və bölgədəki ən vacib dəniz ticarət yollarından biri olan Hörmüz boğazının dərhal və tam açılmasını, hər iki istiqamətdə məhdudiyyətsiz və sərbəst ticarət keçidinə imkan verilməsini tələb edib.
Tramp açıqlamasında dəniz minalarının təmizlənməsi məsələsinə də toxunaraq, bildirib ki, bölgədəki potensial minalar məhv edilməlidir. Tramp ABŞ-ın əvvəllər bəzi minaları sualtı əməliyyatlar vasitəsilə zərərsizləşdirdiyini bildirib. O, həmçinin Hörmüz boğazında gəmilərin keçidinə təsir edən "dəniz blokadası"nın aradan qaldırıldığını və gəmilərin artıq öz ölkələrinə qayıtma prosesinə başlaya biləcəyini deyib.
Tramp bildirib ki, İranın yeraltında olduğunu iddia etdiyi zənginləşdirilmiş nüvə materialı beynəlxalq nəzarət altında çıxarılmalı və məhv edilməlidir. O, əlavə edib ki, Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) bu prosesdə İranla əlaqələndiriləcək. ABŞ-ın lazımi texniki potensiala malik ölkələr arasında olduğunu qeyd edən Tramp, sözügedən nüvə materialının aradan qaldırılması üçün beynəlxalq əməkdaşlığa ehtiyac olduğunu vurğulayıb.
Razılaşmanın maliyyə aspektlərinə də toxunan Tramp, Tehrana pul vəsaitlərinin axınına icazə verilmədiyini vurğulayıb: "Yeni bir açıqlama verilənə qədər heç bir pul köçürməsi həyata keçirilməyəcək. Digər, daha az əhəmiyyətli məqamlar üzrə də razılıq əldə edilib. İndi son qərarı vermək üçün iclas otağında toplantıya gedirəm".
Tahir TAĞIYEV