Rusiya prezidenti Vladimir Putin Astanada keçirilən mətbuat konfransında, Ermənistanın Avrasiya İqtisadi Birliyindən (AİB) çıxdıqdan sonra yol nəqliyyatı şirkətləri üçün daha sərt tələblər və birlik daxilində dəmir yolu nəqliyyatı üçün daha yüksək tariflərlə üzləşəcəyini deyib.
"Ermənistan avtomobil nəqliyyatı operatorları üçün icazə prosedurunun bərpasına doğru irəliləməli olacağıq - bu qaçılmazdır. Bu, ayrı və olduqca mürəkkəb bir qarşılıqlı əlaqə sahəsidir.
Əlbəttə ki, dəmir yolu nəqliyyatı üçün tətbiq edilən tariflərinin səviyyəsini Rusiya daxili tariflərdən (hazırda Rusiya daxili tariflər qüvvədədir) MDB ölkələrinin tarifləri səviyyəsinə qədər qaldırmağa keçməliyik” – deyə Rusiya prezidenti bildirib.
Putin Ermənistan üçün hazırkı enerji qiymətlərinin və Avropa qiymətlərinin müqayisəolunmaz dərəcədə fərqli olduğunu bildirib.
O, həmçinin qeyd edib ki, Ermənistan Avrasiya İqtisadi Birliyi ilə iqtisadi əlaqələri kəsiləcəyi təqdirdə kənd təsərrüfatı məhsullarının hansı bazarlara gedəcəyini də nəzərə almalıdır.
"Avrasiya İqtisadi Birliyindən çıxdıqdan sonra Ermənistan şərabı hara gedəcək? İspaniyaya? İtaliyaya? Fransaya? Rusiyada işləmək üçün ermənilər patent almalı olacaqlar. Bu barədə dürüst olmalıyıq... Əlbəttə ki, enerji qiymətləri də artacaq ki, bu da mütəxəssislərin fikrincə, Ermənistana ÜDM-nin 14%-nə başa gələcək", - deyə o bildirib.
Mətbuat konfransında Rusiya prezidentindən Ermənistan referendum prosesini təxirə salmağa başlasa, "eyni anda iki stulda nə qədər otura" biləcəyi sualı ünvanlanıb. Putin isə cavabında "Bunu etməyə çalışanlardan soruşun" deyib.
Tahir TAĞIYEV