Alimlər Misirdəki məşhur Giza Böyük Piramidasının təxminən 4600 ildir baş verən böyük zəlzələlərə baxmayaraq, zədələnməməsinin səbəbini ortaya qoyan yeni bir araşdırma dərc ediblər.
Milli Astronomiya və Geofizika İnstitutu tərəfindən aparılan araşdırma, Böyük Piramidanın inkişaf etmiş mühəndislik xüsusiyyətləri sayəsində seysmik aktivliyə qarşı fövqəladə müqavimət göstərdiyini müəyyən edib.
Tədqiqatçılar piramidanın tikildiyi vaxtdan bəri 6,8 bal gücündə zəlzələlərə məruz qaldığını, lakin daxili və xarici hissələrində heç bir əhəmiyyətli dağıntının qeydə alınmadığını bildiriblər.
Alimlər bildiriblər ki, tikilinin davamlılığını təmin edən əsas amillər onun sərt əhəngdaşı təməl üzərində qurulması, simmetrik piramida forması, sərt struktur dizaynı və Kral Otağının üstündə yerləşən "təzyiqi azaldan boşluqlar"dır.
Tədqiqat çərçivəsində piramidanın daxili otaqlarında, daş bloklarında və ətrafdakı torpaqda ümumilikdə 37 fərqli nöqtədə vibrasiya ölçmələri aparılıb. Nəticələrə görə, piramidanın içərisindəki titrəmə tezliyi 2.0 ilə 2.6 hers arasında dəyişib, ətrafdakı torpağın titrəmə tezliyi isə təxminən 0.6 hers olaraq ölçülüb. Mütəxəssislərin fikrincə, bu fərq çox vacibdir. Çünki zəlzələ zamanı yer və tikili eyni tezlikdə titrədikdə, zərər riski xeyli artır. Böyük Piramidanın "daha sərt" və daha sürətli tezliklərdə reaksiya verməsi zəlzələ enerjisinin birbaşa tikiliyə ötürülməsinin qarşısını alır.
Araşdırmaçılar həmçinin piramidanın yuxarı hissələrində titrəmələrin artdığını, lakin Kral Otağının üstündəki boşluqlarda azaldığını aşkar edib. Alimlərin fikrincə, bu boşluqların strukturun qorunması üçün nəzərdə tutulduğunu göstərir.
Tədqiqatçılar qədim misirlilərin müasir zəlzələ mühəndisliyinin bu gün təsirli hesab etdiyi bir çox struktur prinsiplərini min illər əvvəl tətbiq etdiklərini bildiriblər.
Təxminən eramızdan əvvəl 2580-2560-cı illər arasında Firon Xufu üçün tikilmiş Böyük Piramida, Gizadakı üç Böyük Piramidanın ən böyüyü kimi tanınır.
İlk əvvəl təxminən 146 metr hündürlükdə olan bu tikili təxminən 3800 il ərzində insan tərəfindən inşa edilən dünyanın ən hündür tikilisi ünvanına sahib olub.
Tədqiqatçılar piramidanın içəridə gizli spiral rampalardan istifadə edilərək inşa edilə biləcəyinə dair yeni nəzəriyyələrə də diqqət çəkirlər. Bu nəzəriyyələrə görə, işçilər böyük daş bloklarını xarici rampalardan deyil, strukturun yan tərəfləri boyunca uzanan maili yollardan istifadə edərək yuxarıya daşıya bilərdilər.
Tahir TAĞIYEV