MAQATE-nin baş direktoru Rafael Qrossi Zaporojye Atom Elektrik Stansiyasına endirilən zərbələri "odla oynamaq" adlandırıb.
Qrossi bildirib ki, Zaporojye Atom Elektrik Stansiyasının turbin salonuna endirilən zərbə münaqişə zamanı nüvə təhlükəsizliyinin əsas prinsiplərinə riayət olunmasına ciddi təhlükə yaradır.
"Xəbər verilən hadisə həm münaqişə zamanı nüvə təhlükəsizliyinin təmin edilməsi üçün yeddi əsas prinsipi, həm də Zaporojye Atom Elektrik Stansiyasını qorumaq üçün nəzərdə tutulmuş beş konkret prinsipi təhlükə altına qoyacaq ki, bu prinsiplərdə elektrik stansiyasından və ya ona qarşı heç bir hücumun edilməməsi açıq şəkildə bildirilir", - MAQATE direktoru bildirib. Qeyd edək ki, Zaporojye Atom Elektrik Stansiyasının 6-cı bloku dron hücumuna məruz qalıb. Dron turbin zalının divarına çırpılıb. Stansiya direktoru Yuri Çerniçuk turbogeneratorun mümkün nasazlığı səbəbindən blokun sıradan çıxması təhlükəsi barədə xəbərdarlıq edib.
Beynəlxalq Atom Enerjisi Agentliyinin mütəxəssisləri zədələnmiş ərazini yoxlamaq üçün giriş istəyiblər.
SAMİRƏ