28 May – Müstəqillik Günü münasibətilə Beynəlxalq Qalereyada Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatı və Beynəlxalq Qalereyanın birgə təşkilatçılığı ilə istedadlı rəssam, müəllim Səadət Şahbazovanın tələbələri ilə birgə ilk fərdi yaradıcılıq sərgisi keçirildi. Sərginin layihənin rəhbəri Aygün Əzizova idi. “Müstəqilliyimiz Əbədidir” adlı sərgidə Səadət Şahbazova və onun 10 tələbəsinin vətənpərvərlik mövzusunda 50-yə yaxın əsəri nümayiş olundu.
Sərgidə fəxri qonaq olaraq XeberTime.az portalının rəhbəri Yeganə Telmanqızı, Qarabağ müharibəsi iştirakçısı, tibb işçisi Nəzakət Baxışova, ehtiyatda olan gizir Könül Əzimova, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi Zinaida Mirzəzadə və AESİM brendinin rəhbəri Aygün Kamilqızı iştirak edirdi.
Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova giriş sözü ilə çıxış edərək, həm Müstəqillik Günü, həm də Qurban Bayramı münasibətilə qonaqları təbrik etdi. O, günün tarixi əhəmiyyətindən danışaraq sərginin milli ruhda əsərlərlə zəngin olduğunu vurğuladı. Məqsədin sabahın gənclərini Azərbaycançılıq ideologiyası və vətənpərvərlik ruhunda yetişdirmək olduğunu bildirdi.
Fəxri qonaqlar çıxışlarında Beynəlxalq Qalereyanın fəaliyyətini yüksək qiymətləndirərək, onun müxtəlif yaş qruplarından insanların asudə vaxtlarını səmərəli keçirməsi, sənətə maraq yaratması və milli ruhda yetişməsinə töhfə verdiyini qeyd etdilər. Onlar rəssam müəllim Səadət Şahbazovaya və tələbələrinə uğurlar arzuladılar.
Sərgi zamanı hər bir rəssam öz əsəri haqqında məlumat verdi. Tədbir çay süfrəsi arxasında səmimi söhbətlərlə davam etdi. Sonda iştirakçılara sertifikatlar təqdim olundu və xatirə fotoları çəkildi.
SAMİRƏ