Hazırda Rusiyanın nəzarətində olan Zaporojye Atom Elektrik Stansiyasına son iki gündə ikici dəfə hücum olub. Rusiyanın açıqlamalarına görə, hücum Ukrayna ordusu tərəfindən həyata keçirilib.
Məlumata görə, bu gün elektrik stansiyasının nəqliyyat binasına hücum edilib, nəticədə 6 avtobus və 2 nəqliyyat vasitəsi məhv edilib. Hücum nəticəsində ölən və ya yaralanan olmadığı və stansiyanın normal fəaliyyətini davam etdirdiyi qeyd edilib.
Xatırladaq ki, Rusiyanın Dövlət Nüvə Enerjisi Korporasiyası “Rosatom”un baş direktoru Aleksey Lixaçev dünən Ukraynaya məxsus pilotsuz təyyarənin stansiyanın enerji blokuna zərbə endirdiyini açıqlayıb.
Zaporojye Atom Elektrik Stansiyası Avropanın ən böyük nüvə elektrik stansiyasıdır. Rusiya ordusu Ukraynada müharibənin başlamasından sonra 2022-ci ilin mart ayında stansiyaya nəzarəti ələ keçirib.
Tahir TAĞIYEV