Rusiya Prezidenti Vladimir Putin bildirib ki, İrəvan Avrasiya İqtisadi Birliyindən (AİB) çıxmaq qərarına versə, Rusiya Ermənistanla iqtisadi inteqrasiya prosesləri üzrə bütün işləri dayandıracaq.
"Ermənistan AİB-dən çıxsa, iqtisadi sahədə inteqrasiya prosesləri ilə bağlı Ermənistanla demək olar ki, bütün işlərimizi dayandırmaq məcburiyyətində qalacağıq" - deyə Putin Astanada keçirilən mətbuat konfransında bildirib.
Putinin qeyd etdiyi kimi, İrəvanın Avropa İttifaqına yaxınlaşmaq üçün verəcəyi hər hansı bir iqtisadi qərar Rusiya ilə Ermənistan arasındakı humanitar əlaqələrə zərər verməyəcək.
“Mən Nikol Vovayeviçə (Paşinyan – red.) demişdim, o, bunu təsdiqləyər. Mən ona dedim: “Hansı qərarlar qəbul edilirsə edilsin, bu, bizim humanitar əlaqələrimizə, siyasi əlaqələrimizə zərər verməyəcək, amma bu halda biz sırf iqtisadi məsələlərdən danışırıq. Hər şey hesablanmalı, diqqətlə araşdırılmalı və qərar qəbul edilməlidir”, - deyə Rusiya lideri jurnalistlərə bildirib.
Putin xəbərdarlıq etdi ki, Ermənistan AİB-dən çıxacağı təqdirdə, ittifaq tərəfindən qəbul edilmiş azad ticarət sazişlərinə çıxışını itirəcək. "Azad ticarət sazişlərində iştirak - bunlar hamısı dayandırılacaq", - deyə o bildirib.
Tahir TAĞIYEV