İran-ABŞ danışıqlarında qeyri-müəyyənlik davam edərkən, Vaşinqton regiondakı blokadasından geri çəkilmir. ABŞ ordusunun bölgədə İrana tətbiq etdiyi dəniz blokadası çərçivəsində İrana getməyə çalışan daha bir ticarət gəmisini hədəf alaraq zərərsizləşdirdiyi bildirilir.
Vəziyyətlə yaxından tanış olan ABŞ rəsmisi bu gün “Associated Press” (AP) agentliyinə, ABŞ-ın İrana qarşı blokadasının davam etdiyini bildirib. Rəsmi şəxs, ABŞ ordusunun bu gün İran limanlarına qarşı ABŞ-ın blokadasını pozmağa çalışan Qambiya bayrağı altında üzən "Lian Star" adlı yük gəmisinə müdaxilə etdiyini açıqlayıb.
Bildirilib ki, sözügedən ticarət gəmisi gecə İran limanına girməyə çalışarkən ABŞ qüvvələrinin çoxsaylı xəbərdarlıqlarına məhəl qoymayıb, ardınca gəmi ABŞ təyyarələri tərəfindən Oman körfəzində zərərsizləşdirilib. ABŞ qüvvələrinin gəmiyə minmədiyi və gəminin körfəzdə nəzarətsiz şəkildə sürüklənməyə davam etdiyi bildirilir.
Bu son müdaxilə ilə ABŞ ordusunun indiyə qədər blokadanı pozmağa çalışan 6 gəmini hədəf alaraq dayandırdığı qeyd edilir.
Tahir TAĞIYEV