İranda ABŞ və İsraillə müharibə səbəbindən təxirə salınan Ayətullah Əli Xameneinin dəfn mərasimi üçün hazırlıqların yenidən başladığı açıqlanıb.
İran dövlət televiziyası mərasimin təşkili üçün xüsusi bir mərkəzin yaradıldığını və müvafiq qurumların əlaqələndirilmiş şəkildə işlədiyini bildirib.
Tehranın İslam Təbliğat Koordinasiya Şurasının rəhbəri Möhsün Mahmudi genişmiqyaslı mərasimə hazırlıqların davam etdiyini bildirib.
Xəbərdə İran İslam Respublikasına otuz ildən çox rəhbərlik etmiş Xameneinin 28 fevralda başlayan ABŞ-İsrail hücumlarının ilk dalğasında həlak olduğu xatırladılır. Qeyd olunur ki, hücumlarda yaralanan oğlu Müctəba Xamenei vəzifəyə başlayandan bəri ictimaiyyət qarşısında çox da görünməyib.
Aprel ayında Xameneinin xatirəsini yad etmək üçün tədbir təşkil edilmişdi, lakin əvvəllər elan edilmiş rəsmi dəfn mərasimi müharibə şəraitinə görə keçirməmişdi.
Rəsmilər dəfn mərasimində həm ölkə daxilindən, həm də xaricdən çoxlu sayda insanın iştirak edəcəyini gözlədiklərini bildiriblər.
Tahir TAĞIYEV