Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistan əhalisinə Avrasiya İqtisadi Birliyi (AİB) və ya Avropa İttifaqı (Aİ) ilə gələcək inkişaf yolunu seçərkən "çox diqqətli olmağı" tövsiyə edib.
Lukaşenkonun sözlərinə görə, hazırda Ermənistanda 7 iyunda keçiriləcək parlament seçkiləri ilə bağlı bir çox açıqlamalar verilir. Eyni vaxtda ölkənin Avrasiya İqtisadi Birliyindən çıxması və Avropa Birliyinə qoşulması barədə söhbətlər gedir.
AİB liderləri Astana sammitindən sonra bu məsələ ilə bağlı birgə bəyanat qəbul edərək Ermənistanda referendum keçirilməsinə çağırıblar. "Biz xalqa təzyiq göstərmirik, eyni zamanda bunun siyasi oyun olduğunu başa düşürük - sabah Ermənistanda seçkilər olacaq. Təbii ki, bu vəziyyətseçki kimi görünmək üçün manipulyasiya edilir", - deyə Lukaşenko bildirib.
“Lakin Ermənistan rəhbərliyinin bu cür hərəkət etməsi səhvdir. Bu, Avrasiya İqtisadi İttifaqının aşağılanmasına gətirib çıxarır. Və bütün AİB üzvləri yekdilliklə bununla razılaşıblar”, - deyən Belarus prezidenti qeyd edib ki, Astanada keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasında Ermənistanı Baş nazirin müavini Mqer Qriqoryan təmsil edib və tərəflərin mövqeləri onun iştirakı ilə səsləndirilib.
"Ermənilər, Allah eləməsin, Ukraynada baş verənləri təkrarlamamaq üçün çox diqqətli olmalıdırlar... Ukraynada da hər şey məhz belə başladı. Bunu xatırlayırsınız. Bu səbəbdən müharibədən yeni çıxan ermənilər bu məsələ ilə bağlı çətin vəziyyətə düşməməlidirlər. Tələsməyə ehtiyac yoxdur. Sadəcə düşünməliyik, müdrik insanlar olmalıyıq", - deyən Lukaşenko, belə bir addım atmazdan əvvəl erməni xalqını çox ciddi düşünməyə çağırıb.
"Mən onlardan yalnız bunu istəyirəm. İnsanlar öz fikirlərini bildirəcəklər və biz də onlarla razılaşacağıq" deyən Belarus prezidenti bildirib ki, müəyyən dairələr hazırda Ermənistanda baş verənlərdən faydalanır.
Tahir TAĞIYEV