Avropa İttifaqı Yaxın Şərqdə davam edən müharibə fonunda Rusiya neftinə tətbiq edilən qiymət həddi mexanizminin müvəqqəti dondurulması imkanını nəzərdən keçirir.
“Bloomberg” anonim mənbəyə istinadən yazır ki, hazırda qüvvədə olan sistem hər altı aydan bir qiymət həddini avtomatik şəkildə bazar qiymətindən 15% aşağı səviyyədə tənzimləyir. Mövcud qaydaya əsasən, Rusiyanın “Ural” tipli neftinin bir barelinin maksimal qiyməti 44,10 dollar təşkil edir. Lakin Yaxın Şərqdə davam edən gərginlik və İranla bağlı münaqişə dünya bazarında neft qiymətlərinin artmasına səbəb olub.
“Bloomberg”in məlumatına görə, bu vəziyyətdə iyul ayında planlaşdırılan növbəti baxış zamanı qiymətin yuxarı həddi ən azı 65 dollara qədər yüksələ bilər ki, bu da “Böyük Yeddilik” tərəfindən ilkin olaraq müəyyən edilmiş 60 dollarlıq limiti əhəmiyyətli dərəcədə üstələyir.
Məhz bunun qarşısını almaq üçün Brüssel həm mövcud həddin dondurulmasını, həm də avtomatik tənzimləmə mexanizminin ilin sonunadək dayandırılmasını nəzərdən keçirir.
Nəşrin məlumatına görə, sözügedən təşəbbüs Rusiyaya qarşı 21-ci sanksiyalar paketinə daxil edilə bilər, bunun da iyunun əvvəlində təqdim olunacağı gözlənilir. Yeni sanksiyaların, böyük ehtimalla, Rusiyanın sanksiyalardan yan keçmək üçün istifadə olunan gəmilərinə, yəni qondarma “kölgə donanması”na da şamil ediləcəyi gözlənilir.
Tahir TAĞIYEV