Abşeron rayonunda qadın sürücünün yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Trend-in məlumatına görə, avtomobili idarə edən xanım bu qayda pozuntularını əks etdirən görüntüləri öz sosial şəbəkə hesabında paylaşıb.
Kadrlardan aydın olur ki, azyaşlı uşaq avtomobilin ön oturacağında əyləşdirilib.
Bundan əlavə, sürücünün təhlükəsizlik kəmərindən istifadə etmədiyi, həmçinin hərəkət zamanı hər iki əlini sükandan çəkdiyi müşahidə olunur.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Trend-in sorğusuna əsasən bildirilib ki, Sosial şəbəkələrdə yayılmış görüntülərlə bağlı araşdırma aparılır.
“Bir daha diqqətə çatdırırıq ki, azyaşlıların avtomobildə təhlükəsizlik qaydalarına zidd şəkildə daşınması yolverilməzdir.
Bu cür qanun pozuntuları yalnız inzibati məsuliyyət yaratmır, eyni zamanda azyaşlıların həyat və sağlamlığı üçün birbaşa təhlükə yaradır.
Sürücülərin diqqətinə bir daha çatdırılır ki, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, hərəkət iştirakçılarının həyat və sağlamlığının qorunması məqsədilə qanunvericiliyin tələblərinə qeyd-şərtsiz əməl olunsun”.