İran prezidenti Məsud Pezeşkian rəsmi danışıqlar aparmaq üçün Tehranda olan Pakistanın Ordu Qərargah rəisi, marşal Asim Munir ilə görüşündə İslam ölkələrinə çox vacib mesajlar verib.
Pezeşkian İslam ölkələrini İsrailə qarşı birləşməyə çağırıb. O, iddia edib ki, regiondakı müharibələr və qeyri-sabitlik İsrailin İslam ölkələri arasında bölünmə yaratmaq cəhdlərindən qaynaqlanır: “Buna görə də İslam ümməti birlik və əməkdaşlıq içində hərəkət etməli və müsəlman torpaqlarının müsəlmanlara qarşı istifadəsinə icazə verməməlidir".
Pezeşkian ABŞ və İsrailin İrana hücumlarına da toxunub: "Bu hücumlar nəticəsində ali liderimizin şəhid edilməsi, məktəblərin və xəstəxanaların dağıdılması, günahsız uşaqların və xalqımızın qətliamı hansı əsaslandırma və qanunla izah edilə bilər? Vəzifəyə gəldiyimiz ilk gündən etibarən ABŞ və İsrail tərəfindən bizə qarşı düşmənçilik və təxribatçı addımlar atılıb".
İranın beynəlxalq hüquqa sadiqliyini vurğulayan Pezeşkian bildirib ki, müharibə bitdikdən sonra region ölkələri əməkdaşlığı artıraraq davamlı sülh və təhlükəsizliyi təmin etməlidirlər. O, “İslam NATO-su”nun yaradılması məsələsini də gündəmə gətirib: "Niyə region ölkələri öz təhlükəsizliklərini müstəqil şəkildə təmin etməsinlər? Avropa öz təhlükəsizliyini NATO kimi mexanizmlər vasitəsilə təmin edərkən, İslam ölkələri də ortaq dəyərlərə əsaslanan kollektiv əməkdaşlıq yolu ilə problemlərini həll edə bilərlər".
Tahir TAĞIYEV