Aprelin 16-da Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyası Vətən müharibəsi şəhidlərinə həsr etdiyi "44 gün -Tarixi zəfər" adlı ensiklopedik toplunun 4-cü cildinin Saatlı və Sabirabad rayonlarında təqdimatını keçirib. Respublika Xatirə Kitabı Redaksiyasından baki-xeber.com-a verilən məlumat görə, təqdimatda şəhid ailələri ilə yanaşı rayon ziyalıları və İcra Hakimiyyətinin nümayəndələri də iştirak edib. Sabirabad rayonunda keçirilən tədbir zamanı, İcra Hakimiyyətinin şöbə müdiri Müslüm Rzayev çıxışında bildirib ki, “Bu kitab Şəhidlərin xatirəsini əbədiləşdirməklə yanaşı, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük rol oynayır”. O, çıxışının sonunda "44 gün -Tarixi zəfər" kitabının ərsəyə gəlməsində əməyi olanlara öz təşəkkürünü bildirib. Sonra redaksiyanın əməkdaşları Hikmət Məlikzadə və Vüqar Əsgərov çıxış edərək Respublika Xatirə Kitabı Redaksiyasının yaranmasından və onun missiyasından danışıblar.
Saatlı rayonunda keçirilən tədbirdə də İcra Hakimiyyətinin şöbə müdiri Fərhad Mürsəlov Xatirə Kitabının əhəmiyyətindən danışıb. Sonda “44 gün -Tarixi zəfər” adlı ensiklopedik toplunun 4-cü cildi şəhid ailələrinə təqdim olunub.
İradə SARIYEVA