Qızıl qaçaqmalçılığı cinayəti ilə bağlı Interpol tərəfindən 196 ölkədə “Qırmızı bülleten”lə axtarılan azərbaycanlı İnqilab Babayev İstanbulda saxlanılıb.
Türkiyə mediası yazır ki, İstanbul Polis İdarəsinin Qaçaqmalçılıq Cinayətləri ilə Mübarizə Şöbə Müdirliyi əməkdaşları tərəfindən qaçaqmalçılıq cinayətlərinə qarşı aparılan əməliyyat tədbirləri çərçivəsində mütəşəkkil şəkildə qiymətli zinət əşyalarının qaçaqmalçılığını həyata keçirmək ittihamı ilə beynəlxalq səviyyədə Interpol tərəfindən axtarışa verilmiş və barəsində həbs qərarı çıxarılmış İnqilab Babayev uzun müddət qaçaq idi.
Qeyd edilir ki, 2024-cü ildə İstanbul Havalimanında baş verən hadisə zamanı polis əməkdaşları şübhələndikləri iki təhlükəsizlik işçisinin üzərində axtarış aparıblar. Axtarış nəticəsində şübhəlilərin bellərində gizlədilmiş halda ümumi çəkisi 16 kiloqram olan 32 ədəd külçə qızıl aşkar edilərək götürülüb. Dubaydan gətirildiyi müəyyən edilən qızılların izinə düşən polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində 7 nəfər saxlanılmışdı. Dəstə başçısı 38 yaşlı İnqilab Babayev isə qaçmağı bacarmışdı. Aparılan araşdırmalar zamanı şübhəlinin İstanbul Havalimanında törədilmiş qaçaqmalçılıq hadisəsinin təşkilatçısı olduğu müəyyən edilmişdi.
Aparılan araşdırmalar nəticəsində Babayevin bir müddət əvvəl ailəsini İstanbula çağırdığı müəyyən edilib. Ailənin İstanbula qayıtmasından sonra polis əməkdaşları tərəfindən təqib başlanıb. İstanbulun Eyüpsultan rayonunda gizləndiyi müəyyən edilən Babayev, xüsusi təyinatlı polis qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.
Polis tərəfindən saxlanılan İ.Babayev barəsində İstanbul məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Türkiyə mediası onu “Qızıl adam” ləqəbi ilə təqdim edib.
ZÜMRÜD