Əkrəm Həsənov: “ABB-də xidmət səviyyəsi keyfiyyətli deyil, buna görə də…”
“Azərbaycan Beynəlxalq Bank”ın vəziyyəti heç də xoş deyil. Belə ki, müştərilər tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə yerləşdirilən depozitlərin həcmi azalıb.
Hüquqi şəxslərin bankdakı depozitlərində kəskin azalma qeydə alınıb. Belə ki, hüquqi şəxslərin “Azərbaycan Beynəlxalq Bankı”ndakı depozitləri ötən il 12,5% və ya 781,4 milyon manat azalaraq 5 milyard 488,6 milyon manata düşüb.
Maraqlıdır, ABB-də nə baş verir ki, depozitlərin həcmi azalır?
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov baki-xeber.com-a şərhində bildirdi ki, ABB Azərbaycanın ən böyük banklarından biridir: “Bu bankın xidmət səviyyəsi keyfiyyətli deyil. Banka o qədər müştəri yığırlar, ancaq texnologiya və işçi bazası həmin müştərilərin öhdəsindən gələ bilmir. Fiziki şəxslər qismən də olsa bu kimi vəziyyətə dözüm nümayiş etdirir. Ancaq şirkətlər məsələyə başqa cür yanaşır. Onu da deyim ki, şirkətlər böyük banklara yarı könüllü, yarı məcburi göndərilir. Xidmət səviyyəsinin aşağı olması həmin şirkətlərin başqa banka üz tutmasına səbəb olur. Bu səbəbdən də ABB-də depozitlərin həcmi azalıb”.
Günel CƏLİLOVA