Azərbaycanda idxal edilən buğdanın qiyməti son bir ildə enməkdə davam edir. Belə ki, 2022-ci il ilin iyun ayında buğdanın bir tonu 419 dollar olmuşdusa, 2023-cü ilin iyul ayında az qala yarıbayarı, 46 faiz azalaraq 225 dollara enib. Ötən dövrdə 50 kiloqramlıq un kisəsinin topdansatış qiyməti isə 36 faiz azalaraq 40 manat 70 qəpikdən 26 manat səviyyəsinə enib.
Maraqlıdır, bu hal çörəyin qiymətinə təsir edəcəkmi?
“İdxal edilən buğdanın ucuzlaşması gələcəkdə çox yox, 5 qəpik də olsa. çörəyin qiymətinə təsir edə bilər”
Iqtisadçı ekspert Fuad İbrahimli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Ukrayna-Rusiya müharibəsinin başlaması ilə dünya bazarında buğdanın qiyməti bahalaşdı. Nəzərə almaq lazımdır ki, pandemiya öncəsi dövrdə buğda ilə bağlı Rusiya ən böyük ixracatçılardan biri idi: “Məlum müharibə nəticəsində Rusiyaya tətbiq olunan sanksiya, Ukraynanın ən optimal ixrac yolu hesab olunan Qara Dəniz limanlarının bloklanması dərhal birjalarda qiymətin yüksəlməsinə səbəb oldu. Nəticə etibarı ilə bir çox ölkələrdə xoş olmayan vəziyyət yarandı. Ölkələr buğda çatışmazlığını nəzərə alaraq öz ixracına kvota qoydu. Beləliklə, ticarət aləmində arzuolunmaz vəziyyət yarandı. Daha sonra Türkiyənin müdaxiləsi və dəhlizin açılması ilə birjada qeydə alınan bahalaşma ucuzlaşmaya səbəb oldu. Məlumdur ki, bu dövr ərzində çörəyin qiyməti də bahalaşdı. Daha sonra Türkiyənin müdaxiləsi və dəhlizin açılması ilə birjada qeydə alınan bahalaşma ucuzlaşmaya səbəb oldu. Təbii ki, bu hadisə çörəyin qiymətinə təsir göstərdi”.
Iqtisadçı onu da əlavə etdi ki, dünya bazarında müşahidə edilən müsbət dəyişikliklər Amerika və Rusiyada taxılın məhsuldarlığının yaxşı olması ilə bağlıdır: “Digər taxıl ölkələri də daha çox taxıl istehsal etdilər. Məhz bu səbəblər taxıl qiymətinin ucuzlaşmasına gətirib çıxartdı. Növbəti aylarda da ucuzlaşmanın olması gözləniləndir”.
Ekspert hesab edir ki, idxal edilən buğdanın qiymətinin ucuzlaşması gələcəkdə çox yox, 5 qəpik də olsa, çörəyin qiymətinə təsir edə bilər.
Günel CƏLİLOVA