2023-cü il iyulun 20-də Hindistan hökuməti basmati olmayan ağ düyü ixracını dərhal dayandıracağını elan edib. Hökumətin bəyanatına görə, bu addım düyü qiymətlərini aşağı salmaq və Hindistan bazarında bu məhsula olan tələbatı ödəmək məqsədi daşıyır.
BMT-nin Ərzaq və Kənd Təssərrüfatı Təşkilatı (FAO) tərəfindən dərc edilən Düyü Qiymətləri İndeksində bildirilib ki, düyü qiymətlərində artım müşahidə edilib.
Maraqlıdır, baş verən məlum proseslər Azərbaycana düyü ixracında problem yarada bilərmi?
“Yalnız Hindistan yox. digər ölkələrin də ixracını məhdudlaşdırması və dayandırmasından dolayı dünya bazarında düyünün qiyməti bahalaşacaq, belə olan halda…”
Liberal İqtisadçılar Birliyinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, həm yerli istehsal, həm də idxal edilən düyünün qiymətləri artacaq: “Azərbaycan birbaşa Hindistandan aşırı dərəcədə düyü idxal eləmir, müəyyən qədər edir. Amma məsələ burasındadir ki, Hindistan və yalnız Hindistan yox, digər ölkələrin də ixracı məhdudlaşdırması və dayandırmasından dolayı dünya bazarında düyünün qiyməti bahalaşacaq. Belə olan halda bütün düyü istehsalçıları düyünün qiymətini artıracaq. Onda dünya bazarının bahalaşması, sözsüz ki, Azərbaycan bazarına da təsir edəcək. Biz ölkə daxilində düyü tələbatının sadəcə 30 faizini qarşılayırıq. Düyü istehsalı var Azərbaycanda, amma kifayət deyil. Düyü istehsalının 70 faizdən çoxunu idxal edirik. Biz, məsələn, müəyyən strategiyalar seçə bilərik. Misal üçün, münasibətimiz yaxşı olan ölkələr, Pakistan kimi ölkələrlə ticari münasibətlərimizi genişləndirə bilərik. Bahalaşmanın da bir qədər qarşısını ala bilərik. Məsələ burdadır ki, Azərbaycanın daxili iqtisadiyyatı ixracçı iqtisadiyyatdır. Yəni dövlət iqtisadiyyatının əsas hissəsini ixracçılar tutur. İxracçılar da heç vaxt qiymətlərin ucuzlaşdırılması barədə düşünmür. Onların gəlirlərinin artması yalnız qiymətin bahalaşması strategiyası ilə olur. Məsələn, mənim bu rəyim belə qiymətlərin artımına səbəb ola bilər. Yəni informasiya təsir edir artıq bu məsələlərə. Mənim fikrimcə, Azərbaycanda qiymətlərin bahalaşması qaçınılmazdır. Ölkədaxili qiymətlərin artımına ən çox informasiyanın yayılması səbəb olur. Dünyada düyünün qiyməti iyulda iyunla müqayisədə 2,8 faiz, 2022-ci ilin iyulu ilə müqayisədə artım 19,7 faiz artıb və 129,7 bənd təşkil edib. Bu, 2011-ci ilin sentyabrından bəri qeyd edilən ən yüksək qiymətdir”.
Günel CƏLİLOVA