Türkiyə lirəsi ucuzlaşmaqda davam edir. Bu gün birjalarda dollar/Türkiyə lirəsi məzənnəsi rekordunu yeniləyib, 27,42 səviyyəsinə qədər yüksəlib. Məlumat üçün bildirək ki, hazırda bir türk lirəsi ölkəmizdə yeddi qəpikdən də aşağı satılır.
Ekspertlər hesab edir ki, lirənin ucuzlaşması ən çox yerli sahibkarlara mənfi təsir edəcək.
Maraqlıdır, lirənin ucuzlaşması Türkiyənin əsas ticarət tərəfdaşlarından biri olan Azərbaycana necə təsir edəcək?
Fuad İbrahimli: "Türkiyədə gedən prosesin Azərbaycan manatına heç bir təsiri yoxdur, maliyyə dayanıqlılığımızı..."
İqtisadçı-ekspert Fuad İbrahimov "Bakı-Xəbər" ə açıqlamasında bildirdi ki, müəyyən təzyiqlər nəticəsində Türkiyə lirəsində ucuzlaşma prosesi gedir: “Lakin qısa zaman kəsiyində ucuzlaşmanın qarşısı alınaraq Türkiyə lirəsinin dayanıqlı formata keçməsi proqnozlaşdırılır. Nəzərə almaq lazımdır ki, pandemiya dövründə bütün dünyada infilyasiya oldu, hər bir ölkə bu problemdən əziyyət çəkirdi. Anti-infilyasiya proqramramları ilə mübarizədə istifadə olunan ən üstün alət uçot dərəcələrinin artırılmasıdır”.
Onun sözlərinə görə, qardaş Türkiyədə isə bu proses əksinə aparıldı: “Hətta bir ildə Mərkəzi Bankın rəhbərliyi 4 dəfə dəyişdi. Lirənin ucuzlaşmasına səbəb olan amillərdən biri də budur”.
Ekspert hesab edir ki, gedən prosesin Azərbaycan manatına heç bir təsiri yoxdur: “Maliyyə dayanıqlılığımızı, hökumətin daxili borcu kifayət qədər risqsiz 10 faizə endirməsi, əlbəttə ki, manatı güclü formata gətirir. Eyni zamanda, Azərbaycan iqtisadiyyatının aparıcısı olan neft qiymətlərinin nəzərdə tutulmuş xərclərə uyğun olması onu göstərir ki, manat davamlı və sabitdir”.
Kamran Məmmədli: "Lirənin ucuzlaşması yerli sahibkarlarımıza mənfi təsir edəcək"
İqtisadçı Kamran Məmmədli "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, lirənin ucuzlaşması yerli sahibkarlarımıza mənfi təsir edəcək: "Onu da nəzərə almaq lazımdır ki, manatın məzənnəsinə ən çox təsir göstərən faktorlara neftin dünya bazarındakı qiyməti və xüsusilə də səbət valyutaların qlobal valyuta bazarındakı mövqeyi daxildir. Türkiyə ixracatımızda daha çox strateji məhsullar olduğuna görə, lirənin dəyərsizləşməsi Azərbaycanın Türkiyəyə ixracatına neqativ təsir göstərməyəcək"
Günel CƏLİLOVA