Azərbaycanda bütün siqaretlərin qiyməti bahalaşıb. Belə ki, bəzi siqaretlərin qiymətində 10, bəzilərində isə 20 qəpik bahalaşma müşahidə olunur.
Məlumat üçün bildirək ki, Azərbaycanda satılan siqaretin 80-85 faizi ölkədə istehsal olunur.
Ekspertlər hesab edir ki, Azərbaycan tütün məmulatlarının idxalından kifayət qədər asılıdır. Ona görə də, logistikanın bahalaşmasından qiymət artımı üçün bir bəhanə kimi istifadə edilir.
Maraqlıdır, tütün məhsullarında artıma səbəb nədir?
Xalid Kərimli: "Siqaretin qiymətini artıranlar daha çox qazanmaq istəyirlər, ona görə də qiymətləri qaldırıblar"
İqtisadçı Xalid Kərimli "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, siqaretin qiyməti Tarif Şurası tərəfindən tənzimləmir. Yəni onun qiymətinə dövlət tərəfindən hər hansı müdaxilə yoxdur: "Siqareti Azərbaycana bir neçə qrup gətirir. Onlar da istənilən qiyməti təyin edir. Yəni söhbət süni qiymət artımından gedir. Hansısa siqareti ölkəyə gətirən şəxs onun üzərində eksklüzivliyə malik olur. O, istədiyi qiyməti təyin edə bilir. Ola bilsin ki, siqaretin alış qiyməti qalxıb, yaxud da bunu gəlirlərin artırılması məqsədi ilə ediblər. Hər iki variant mümkindür. Böyük ehtimal ki, siqaretin qiymətini artıranlar daha çox qazanmaq istəyirlər. Ona görə də qiymətləri qaldırıblar”.
Eldəniz Əmirov: "Siqaret qiymətlərindəki artım hər zaman ərzaq infilyasiyasından az, qeyri-ərzaq infilyasiyasından çox olur"
İqtisadçı Eldəniz Əmirov hesab edir ki, siqaretin satış qiymətinin artması inflyasiya ilə bağlıdır: "Azərbaycanda inflyasiya 528 məhsul və xidmətin qiymətindəki dəyişiklik əsasında hesablanır. Siqaretin qiymətindəki artımın da səbəbi inflyasiyadır. Əksər məhsulların qiyməti həftəlik 1-2 qəpik artdığı üçün hiss olunmur, siqaret bir neçə aydan bir 10-20 qəpik bahalaşır. Bu da alıcılar tərəfindən nəzərə çarpır”.
Ekspert onu da əlavə etdi ki, siqaret qiymətlərindəki artım hər zaman ərzaq infilyasiyasından az, qeyri-ərzaq infilyasiyasından çox olur: “Bu il də belə olacaq. Statistikaya nəzər salsaq görərik ki, 2022-ci ildə Azərbaycan 4,8 milyon dollar dəyərində 634 milyon ədəd siqaret ixrac edib. Tütün və tütünün sənaye əvəzedicilərinin idxalına isə 91 milyon ABŞ dolları dəyərində pul xərclənib. Ümumilikdə ötən il ərzində ölkəyə təxminən 16 milyon dollardan çox dəyərdə tütün və tütünün sənaye əvəzediciləri ixrac olunub”.
Günel CƏLİLOVA