İllik inflyasiya proqnozumuz 6-dan 10 faizə qaldırıldı - ziyanları və faydaları...
.jpg?v=1691415662)
Bu il Azərbaycanda orta illik inflyasiyanın 10,4 faiz səviyyəsində olacağı proqnozlaşdırılır. Bu barədə Maliyyə Nazirliyinin “2023-cü ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər sənədi”ndə bildirilir.
Belə ki, 2023-cü ildə orta illik inflyasiya ilkin proqnozlar zamanı 6,9 faiz səviyyəsində nəzərdə tutulsa da, yenidən baxılma zamanı faktiki göstəricilərin, gözlənilən meyllər nəzərə alınmaqla 10,4 faiz səviyyəsində olacağı proqnozlaşdırılır ki, bu da ilkin proqnozdan 3,5 faiz bəndi çoxdur.
İnflyasiya poqnozunun artmasının səbəbi nədir?
- Eldəniz Əmirov: "Azərbaycanda 2023-cü il üzrə inflyasiya proqnozu həm Azərbaycanda olan qurumların, həm də beynəlxalq qurumların infliyasiya proqnozlarından bir pillə fərqlənir"
İqtisadçı ekspert Eldəniz Əmirov bildirdi ki, inflyasiya ilə bağlı proqnozlar mənbələrə görə dəyişir: “Azərbaycanda 2023-cü il üzrə inflyasiya proqnozu həm Azərbaycanda olan qurumların, həm də beynəlxalq qurumların infliyasiya proqnozlarından bir pillə fərqlənir. Ən optimist proqnoz Mərkəzi Bank tərəfindən verilib. İlin əvvəlində də, əvvəlki dönəmdə də 8 faiz proqnoz edilirdi. Sonrakı proqnozlarda müəyyən cüzi dəyişikliklər edildi. Mərkəzi Bank tərəfindən ən minimal hədd bildirilir. Lakin Maliyyə Nazirliyi daha fərqli proqnoz verir. Eləcə də beynəlxalq qurumlar fərqli fikir söyləyirlər. Bunların verdiyi proqnoz ikirəqəmlidir. Hesab edirəm ki, Azərbaycanda bu il inflyasiyanın birrəqəmli ədədlə ifadə edilməsi gözlənilən deyil. Ehtimal çox aşağıdır. Ehtimal ki, inflyasiya il sonuna 10-11 faiz həcmində qiymətləndiriləcək. Bu, hazırkı vəziyyətə uyğun verilən proqnozdur”.
- Xalid Kərimli: "İnflyasiyanın 8-9 faizdən yüksək olacağı gözlənilir, nəzərə alsaq ki, 10.5 inflyasiyanın əsas hissəsi ərzaq inflyasiyasının payına düşür...”
İqtisadçı ekspert Xalid Kərimli isə bildirdi ki, dünyada olduğu kimi, bizdə də ötən illə müqayisədə tədricən inflyasiya prosesləri ləngisə də, yenə də yüksək olaraq qalır. Proqnoz verilən 10.5 faiz Mərkəzi Bankın dözümlülük həddindən 2.5 fazi çoxdur: "Çünki Mərkəzi Bank inflyasiyanı 2-6 faiz arası məqbul hesab edir. Verilən proqnoz da bu rəqəmlərdən 4.5 fazi yüksəkdir. Qiymət artımı ilə bağlı neqativ məlumatlar gəlsə də, məsələn, düyünün qiyməti qalxa bilər, taxıl dəhlizinin bağlanması çörəyin qiymətlərində enişin qarşısnı alır. Gözləntilər odur ki, inilyasiya tədricən yavaşısın. Keçən il inflyasiya 15 faizə yaxın olub, gələn il isə bu ilə nisbətdə daha az olacaq”.
Ekspert onu da əlavə etdi ki, inflyasiyanın yüksək olması qiymət səviyyəsinin yüksək olması deməkdir: "Maliyyə Nazirliyi bildirir ki, inflyasiya ilkin proqnozdan 3.5 faiz çox olacaq, Mərkəzi Bank isə bu proqnozları 8-9 fazi hesablamışdı. Lakin inflyasiyanın 8-9 faizdən yüksək olacağı gözlənilir. Nəzərə alsaq ki, 10.5 inflyasiyanın əsas hissəsi ərzaq inflyasiyasının payına düşür. Bu zaman ərzaq qiymətlərinin yüksək olacağı da proqnozlaşdırılır”.
Günel CƏLİLOVA