Bu il Azərbaycanda duru bitki yağlarının istehsalı kəskin azalıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda 17 min 347 ton duru bitki yağları istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 36,1 faiz azalma deməkdir.
Cari ilin iyulun 1-i vəziyyətinə ölkədə hazır duru bitki yağları ehtiyatı 4 min 305,6 ton təşkil edib. Xatırladaq ki, keçən il də ölkədə duru bitki yağlarının istehsalı 2021-ci illə müqayisədə 7,3 faiz aşağı düşmüşdü.
Maraqlıdır, istehsalın azalmasının səbəbi nədir? İstehsalın azalması duru yağların satış qiymətinə necə təsir edəcək?
"Azərbaycan duru yağı çox az istehsal edir, hətta Azərbaycan məhsulu adı altında bazara çıxan duru yağların xammalı xaricdən gətirilir"
İqtisadçı ekspert Kamran Məmmədli "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, bitki yağları bir çox ölkələrdə, o cümlədən də Azərbaycanda inflyasiyanın təsirinə daha çox məruz qalan ərzaq məhsullarıdır: “Biz əvvəlki illərdə də bu məhsulun (istər qarğıdalı yağı olsun, istərsə də digər bitki yağları) qiymətinin daha həssas, daha çevik olduğunu müşahidə etmişik. Məsələn, orta inflyasiyanın 5 faiz olduğu illərdə bitki yağlarının qiymətində 15-20 faizə qədər artım müşahidə etmişik. Bunun da bir sıra özünəməxsus səbəbləri var. Bunlardan birincisi, bu məhsullar üzrə idxaldan asılılığının çox olması, ikincisi isə, ölkədə olan istehsal subyektlərinə baxdıqda bu məhsul istehsalçılarının sayının çox olmamasıdır və idxal etdiyimiz ölkələrin özündə belə, qiymət artımları bu vəziyyətə gətirib çıxarır. Hər bir ölkə öz ərzaq təhlükəsizliyini qorumaq üçün müxtəlif ərzaq məhsullarının ixracına qadağalar qoyur. Məsələn, son dövrlərdə Türkiyədə yağla bağlı belə qadağa oldu ki, bu da məhsulun dünya bazarındakı qiymətinə təsir edir. Eyni zamanda, Rusiya və Ukraynanın dünya qarğıdalı istehsalının 20 faizdən çoxuna sahiblənməsi qiymət artımına səbəb olur. Bu münaqişə zəminində istehsal zəncirində ciddi fasilələrin yaranması və istehsal həcmlərinin ciddi şəkildə azalması səbəbindən qiymət artımları müşahidə olunur”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, Azərbaycan duru yağı çox az istehsal edir. Hətta Azərbaycan məhsulu adı altında bazara çıxan duru yağların xammalı xaricdən gətirilir. Dünya bazarına daha çox duru yağı Rusiya və Ukrayna çıxardır. Bu iki ölkə dünyada tələbatın təxminən 50 faizini qarşılayır. Ukraynadakı vəziyyət duru yağ istehsalına təsirsiz ötüşməyib. Azərbaycanda daha çox qarğıdalı və günəbaxan yağlarından istifadə edilir. Digər ölkələr palma və soya yağlarından istifadə etsə də, Azərbaycanda əsas təlabat günəbaxan və qarğıdalı yağlarınadır. Bu faktorlar qiymətlərin bahalaşmasına təsir göstərir.
Günel CƏLİLOVA