Məlum olduğu kimi, son zamanlar region valyutaları dəyər itirməkdədir. Belə ki, son 1 ayda dollara nisbətən Türkiyə lirəsi 18.7 faiz, Rusiya rublu 5.9 faiz, Gürcüstan larisi 3.1 faiz, Qazaxıstan təngəsi isə 1.2 faiz ucuzlaşıb. ABŞ pulunun qlobal bazarda güclənməsi istər-istəməz region valyutalarına təsir edir.
Maraqlıdır, region valyutalarında qeydə alınan məzənnə dəyişikliyi manata necə təsir edəcək?
“Azərbaycanın Türkiyə ilə ticarət əlaqələri manata çox ciddi təzyiq formalaşdıracaq səviyyədə deyil”
Bank sahəsi üzrə mütəxəssis Əkrəm Həsənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, region valyutalarında qeydə alınan məzənnə dəyişikliyi daha çox dolların bahalaşması ilə bağlıdır. Regionda baş verən maliyyə dəyişikliyinin Azərbaycan valyutasına hər hansı bir təsiri yoxdur: “Çünki manat ABŞ dollarına daha çox bağlıdır. Bizdə üzən yoxdur. Onu da nəzərə almaq lazımdır ki, manatın məzənnəsi inzibati yolla müəyyən olunur. Bu da dünyada baş veren qaz,neftin qiymətinə bağlıdır. Neftindən qiyməti sabitdirsə bizim valyuta ehtiyatlarımız artır. Təbii ki, belə olan halda dolların bahalaşmasının bizə mənfi təsiri yoxdur”.
Iqtisadçının sözlərinə görə, tədiyə balansında profisit və əsas tərəfdaş ölkələrdə kursun dəyişməsi manatın nominal effektiv məzənnəsini bu ilin 5 ayında 5.1 faiz möhkəmləndirib: “Tədiyə balansındakı profisitin əsas səbəbi enerji məhsullarının ixracatıdır. Qeyri-neft ixracatı üzrə əsas tərəfdaşlarımızda milli valyutaların ucuzlaşması isə Azərbaycanın enerjidən kənar məhsullarının həmin ölkələrdə bahalaşmasına səbəb olur. Qonşu ölkələrin valyuta bazarlarında baş verənlərin manatın məzənnəsinə təsirlərinə gəldikdə isə, hazırda valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Amma Azərbaycanda hələ ki, məzənnə rejiminə keçirilməyib. Manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olaraq qalmaqdadır".
Eksert onu da əlavə etdi ki, Azərbaycanın Türkiyə ilə ticarət əlaqələri manata çox ciddi təzyiq formalaşdıracaq səviyyədə deyil: “Azərbaycan Türkiyəyə ən çox enerji məhsulları - neft və qaz ixrac edir. Onların da qiyməti dollarla müəyyən olunur. Ona görə də lirənin hansı səviyyədə olması bizə az təsir edir. Çünki ödənişlər dollarla və yaxud həmin günün lirə kursu ilə ödənilə bilər. Türkiyənin çətin vəziyyətə düşməsi, ödənişlərin gecikməsi isə tamam başqa bir məsələdir”.
Günel CƏLİLOVA