“İşsizlik sığortasının məbləği çox aşağıdır”. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "İnsan Resursları Zirvəsi 2023" tədbirində panel çıxışı zamanı deyib. O bildirib ki, işsizlik sığortasının artırılmasına ehtiyac var: “Həmçinin bizdə icbari sığorta da çox aşağıdır".
Qeyd edək ki, "İşsizlikdən sığorta haqqında" qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minib. Bu qanun dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş şəxslərə şamil edilir. İşsizlikdən sığorta sığortaolunanların itirilmiş əmək haqlarının kompensasiya edilməsinə yönəldilmiş təminat formasıdır. Sığorta ödənişi almaq üçün sığortaolunan müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edir. Müvafiq icra hakimiyyəti orqanı təqdim olunmuş müraciətə 10 gün ərzində baxaraq, sığorta ödənişinin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsi barədə qərar çıxarır və bu barədə müraciət etmiş şəxsə məlumat verir.
Maraqlıdır, nazirin məlum çıxışından sonra ölkədə işsizlik və icbari sığorta ödənişinin artmasını gözləmək olarmı?
“İşsizlik sığortası ilə işçidən 0,5 faiz və işə götürəndən də 0,5 faiz məbləğində əmək haqqından tutulma olur. Bu məsələnin özü mübahisəli haldır”
Sığorta sahəsi üzrə ekspert İlkin İbrahimov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, işsizlik sığortası ilə işçidən 0,5 faiz və işə götürəndən də 0,5 faiz məbləğində əmək haqqından tutulma olur. Bu məsələnin özü mübahisəli haldır. Məlum mövzu faiz nisbəti olaraq müəyyən olunduğundan, əmək haqqı qalxırsa faiz nisbəti də yüksəlir: “Məsələn, işçi hər ay 300 manat əmək haqqı alırdı. Minimum əmək haqqı 350 manat olandan sonra işçi işsizlərin sığorta fonduna 3 manat 50 qəpik köçürməli olacaq. Artımlar zamanı 1 faiz nisbəti də nəzərə alınır”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, işsizlik sığortası ilə bağlı kompensasiya almaq istəyənlər 24 ay fasiləsiz işləməlidir. Yəni 24 ay maaş alınmalı və ondan tutulmalar olmalıdır: “Bu zaman belə bir sual ortaya çıxır - 23 ay işləyib, 1 ay işləməyib və ya 11 ay başqa yerdə işləyəndə niyə kompensasiya məbləği verilmir? Əslində, bu məsələnin özü belə paradoksaldır. Ümumiyyətlə, işsizlikdən sığorta ilə bağlı qanunvericilikdə dəyişiklik edilməlidir. Vətəndaşlar da sığorta haqlarını elə ilk aylardan və ya nə vaxt işdən çıxırlarsa o zaman da əldə bilsin”.
Günel CƏLİLOVA