“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti, “Qazaxıstan Dəmir Yolları Milli Şirkəti” Səhmdar Cəmiyyəti və “Gürcüstan Dəmir Yolları” Səhmdar Cəmiyyəti birgə müəssisə yaradacaq.
Bu, baş nazir Əli Əsədov və Qazaxıstan Respublikasının Baş naziri Alixan Smailov arasında danışıqların yekununda imzalanan “Azərbaycan Dəmir Yolları” QSC, “Qazaxıstan Dəmir Yolları Milli Şirkəti” SC və “Gürcüstan Dəmir Yolları” SC arasında birgə müəssisənin yaradılması və fəaliyyətinin əsas prinsipləri haqqında Saziş”-də əksini tapıb.
Eyni zamanda “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyi arasında gəmilərin və dəmir yolu lokomotivlərinin təchizatı sahəsində əməkdaşlıq haqqında Memorandum imzalanıb.
Qeyd edək ki, iyunun 22-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Bakıda rəsmi səfərdə olan Qazaxıstan Respublikasının Baş naziri Alixan Smailov ilə görüşüb. Danışıqların yekunlarına görə Azərbaycan və Qazaxıstan arasında bir sıra sənədlər imzalanıb.