Azərbaycanın bəzi bölgələrində marketlərdə çəki ilə satılan şəkər tozu tapılmır. Bununla əlaqədar sakinlər sosial şəbəkələrdə məlumat veriblər. Xüsusilə Qərb zonasında, Goranboy rayonu və Goran qəsəbəsi ərazisində marketlərdə şəkər tozunun olmadığı haqqında iddialar paylaşılıb.
Sakinlər ehtimal edir ki, şəkər tozunun marketlərdə tapılmamasının səbəbi qiymətin bahalaşacağı ilə bağlıdır.
Qeyd edək ki, zamanla bu kimi hallar yaşanıb. Market və dükanlarda hansısa məhsul satışdan müvəqqəti olaraq yığışdırılıb. Sonra isə həmin məhsul yeni qiymətlə satışa çıxarılıb.
"Tələbat çox olduğundan, marketlər şəkər tozunu müvafiq çəkilərə bölüb qablaşdırmağı çatdıra bilmir"
İqtisadçı Kamran Məmmədli "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, bəzi bölgələrdə şəkərin satışdan yığışdırılmasının müəyyən səbəbləri var: "Ola bilər ki, qiymətin artmasına hazırlıq gedir, ya da həmin ərazidə məhsul qıtlığı var. İstənilən halda məhsulun satışdan çıxarılması düzgün deyil. Onu da deyim ki, respublikada şəkər istehsalı lazımı səviyyədə deyil. Ölkədə istehlak edilən şəkər tozunun müəyyən hissəsi xaricdən idxal edilir. İmişlidə bir şəkər zavodumuz var, o da ölkə tələbatını ödəmir. Ona görə bunun çıxış yolu Azərbaycanda şəkər çuğunduru sahələrini genişləndirmək, istehsalı artırmaq və öz daxili imkanlarımız hesabına şəkər istehsal etməkdir. Bunun üçün həm iqlim, həm də torpaq şəraiti yetərlidir. İkinci bir şəkər zavodunun tikilməsi imkanları araşdırılmalıdır. Biz artıq kənd təsərrüfatında prioritet sahələri müəyyən eləmişik. Düşünürəm ki, bu sahələrin içərisində şəkər çuğunduru plantasiyalarının genişləndilməsi də olmalıdır. Çalışmaq lazımdır ki, ölkəyə idxal edilən məhsulların həcmi azalsın”.
Ekspert onu da əlavə etdi ki, hazırda qış mövsümünə hazırlıq, ev şəraitində mürəbbə, kompot və digər konserv məhsullarının bağlanması artıb: "Bu mövsümdə mürəbbə, kompot, şirniyyat hazırlıqlarına üstünlük verir. Meyvənin bol vaxtı olduğunu nəzərə alsaq, bu kimi məhsulların hazırlanıb, qışda satış üçün saxlanması da çox rast gəlinən məqamdır. Görünür, tələbat çox olduğundan, marketlər şəkər tozunu müvafiq çəkilərə bölüb qablaşdırmağı çatdıra bilmirlər və o üzdən vitrində bu məhsullar yoxdur".
Günel CƏLİLOVA