S&P beynəlxalq reytinq agentliyi bu il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) real artımını 0 faiz proqnozlaşdırır. 2023-cü ildə nominal ifadədə Azərbaycanda ÜDM 131 milyard manat (77 milyard dollar) təxmin edilir.
Halbuki, ilin əvvəlində hökumətin açıqladığı proqnozlara görə, 2023-cü ildə ÜDM-in artımı 2.7 faiz təşkil etməli idi. Amma Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-aprel aylarında ölkədə 39 milyard 986.5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0.1 faiz çox ÜDM istehsal olunub. Ötən il isə rəsmi məlumatlara görə, ölkədə 4.6 faizlik iqtisadi artım baş verib.
Maraqlıdır, ölkə iqtisadiyyatında nə baş verir? ÜDM-in həcminin və artım tempinin zəifləməsinin əsas səbəbi nədir?
“İqtisadi artımda neft sektorunun payı azalsa da, ÜDM-in əsas drayveri və inkişaf sütunu qeyri neft-qaz sektorudur”
Sözügedən məsələyə aydınlıq gətirən millət vəkili Aydın Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında buna fərqli prizmadan yanaşdı: “İlin dörd ayında qeydə allınan artım o demək deyil ki, ilin sonuna qədər ÜDM artmayacaq. Hələ ilin 6 ayının yekunları və nəticələri müzakirə olunmayıb. Gərək bu, başa çatsın ondan sonra müzakirələr olacaq. Ümumilikdə, Azərbaycanın gəlirlərində artım var. Gəlirlərdə artım o deməkdir ki, iqtisadiyyatda müsbət tendensiyalar müşahidə olunur. Çünki bu dövr ərzində bizim gəlirlərimiz 1,5 milyard manat artıb. İlin sonuna qədər artım tendensiyasının davam edəcəyi gözlənilir. S&P beynəlxalq reytinq agentliyi tərəfindən verilən proqniz, Azərbaycan iqtisadiyyatında gedən prosesləri tam əks etdirmir. O üzdən, ÜDM-nin ilin sonunda artacağı birmənalıdır. Bütün parametrləri nəzərə almadan belə proqnozla çıxış etmək doğru deyil. Digər tərəfdən, Dünya Bankının 2023-cü il üçün "Qlobal İqtisadi Perspektivlər" hesabatına əsasən, Azərbaycanda real ÜDM-in artımı 2.3 faiz gözlənilir. Hesabatda 2023-cü ildə ölkəmizdə median gəlirlərin artmasına və ümumi rifahın yüksəlməsinə dair bir sıra müsbət gözləntilər də öz əksini tapıb. Eləcə də Asiya İnkişaf Bankı (AİB) 2023-cü ildə Azərbaycanda ÜDM artımını 3.5 faiz, 2024-cü ildə 3.8 faiz proqnozlaşdırır. Ümumilikdə, iqtisadi artımda neft sektorunun payı azalsa da, ÜDM-in əsas drayveri və inkişaf sütunu qeyri neft-qaz sektorudur. Həmin sahə üzrə istehsal 3.1 faiz artıbdır ki, bu da ölkə iqtisadiyyatının neftsiz dayanıqlı inkişaf mərhələsinə daxil olduğunu göstərir. Alternativ enerji layihələri, tranzit nəqliyyat layihələri tam işə düşdükdən sonra qeyri-neft sektorunun iqtisadiyyatda payı daha da artacaq. Bu da öz növbəsində ÜDM-nin artmasına öz müsbət təsirini göstərəcək. Ona görə də hesab edirəm ki, narahatlığa elə bir əsas yoxdur”.
Vidadi ORDAHALLI