Aydın Hüseynov: “Naxçıvan Muxtar Respublikası coğrafi məkan olmaqla yanaşı, iqtisadi baxımdan da əlverişlidir”

Prezident İlham Əliyev “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Naxçıvan MR-da Azad İqtisadi Zonanın yaradılması nəzərdə tutulur.
Maraqlıdır, Naxçıvanda yaradılacaq Azad İqtisadi Zonanın o bölgənin vətəndaşları üçün nə kimi əhəmiyyəti olacaq?
- “Turizm, sənaye, aqrar sektorun inkişaf etdirilməsi həmin bölgə və ölkə iqtisadiyyatına müsbət təsir edəcək, təbii ki, bu hal Naxçıvan əhalisinin rifahına da müsbət təsir edəcək”
Millət vəkili Aydın Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azad İqtisadi Zona hər bir region üçün iqtisadi baxımdan səmərəli yanaşmadır: "Nəzərə almaq lazımdır ki, Naxçıvan Muxtar Respublikası coğrafi məkan olmaqla yanaşı, iqtisadi baxımdan da əlverişlidir. Bizim bütün yüklərin müxtəlif istiqamətlər üzrə daşınmasında qeyd edilən coğrafi ərazi olduqca əhəmiyyətlidir. Məlumdur ki, Naxçıvan üzərindən Türkiyəyə, ordan da Avropaya çıxış mümkündür. Ümumiyyətlə, logistik baxımından Naxçıvan önəmlidir”.
Millət vəkili onu da əlavə etdi ki, Naxçıvanın gözəl təbii resursları var. Həmçinin, qeyd edilən ərazi iqtisadiyyatın bütün sahələrini əhatə edən potensiala malikdir. Turizm, sənaye, aqrar sektorun inkişaf etdirilməsi həmin bölgə və ölkə iqtisadiyyatına müsbət təsir edəcək. Təbii ki, bu hal Naxçıvan əhalisinin rifahına da müsbət təsir edəcək.
A.Hüseynovun sözlərinə görə, azad iqtisadi zona qeyri-neft sektorunun inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir. Deputatın sözlərinə görə, Zonanın əsas məqsədi qeyri-neft sektoruna stimul vermək və məhsulların istehsalının genişləndirilməsinə nail olmaqdır: “Bir sözlə, azad iqtisadi zonaların yaradılması iqtisadi məqsədlərlə yanaşı, sosial və elmi məqsədlərində reallaşdırılmasına imkan verəcək. Daha dəqiq desək, ticarət dövriyyəsi artacaq, investisiya və sərmayələrin yatırılması sürətlənəcək, məşğulluq güclənəcək, yeni iş yerləri açılacaq və s…”.
Günel CƏLİLOVA