Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam ölkəmizdə son beş ildə artıq dördüncü sosial islahat paketinin icrasına başlanmasını, yeni ildə yeni sosial islahat mərhələsinə keçidi təmin edir.
Ölkə başçısının imzaladığı sərəncamla Azərbaycanda minimum pensiya 240 manatdan 280 manata. Qeyd edək ki, 2023-cü ildə yaşayış minimumu ilə ehtiyac meyarı bərabərləşdirilərək 246 manata çatdırılıb. Ötən il bu məbləğ müxtəlif yaş qruplarına görə 190-220 manat arasında dəyişirdi. Ötən il ərzində davam edən bahalaşma əmək pensiyalarının, sosial ödənişlərin və maaşların artırılmasını zəruri edib. Rəsmi statistika ərzaq və gündəlik tələbat mallarının ortalama 20 faiz civarında artdığını göstərir. Minimum pensiyanın artırılması əhalinin bahalaşmaya görə itkilərini kompensasiya etmək baxımından mühüm addımdır. Diqqəti çəkən başlıca məqam odur ki, Azərbaycanda ilk dəfə olaraq minimum pensiya yaşayış minimumunu üstələdi. Yəni, yaşayış minimumu 246 manatdırsa, minimum pensiya 280 manata çatdırıldı. O baxımdan bütün bunları ekspertlər necə dəyərləndirir?
Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Fuad İbrahimovun fikrincə, minimum pensiyanın məbləğinin yaşayış minimumunu üstələməsi önəmli sosial göstəricidir: “Sözügedən artımlarla bərabər, əmək pensiyalarının artırılması gündəmdədir. Nəzərə almaq lazımdır ki, son 5 ildə dördüncü dəfədir sosial artım paketi tətbiq olunur. Eyni zamanda nəzərə almaq lazımdır ki, minimum əmək haqqı 4 ildə 2,7 dəfə, əmək pensiyası isə 2,5 dəfə artıb. Paralel olaraq cənab Prezident ehtiyac meyarlarının həddini minimum yaşayış səviyyəsinə gətirib çıxarıb. Nəticə etibari ilə bunlar hamısı əhalinin, əsasən də ehtiyacı olan təbəqənin sosial rifahının artırılması istiqamətində atılan addımlardır. Yaşayış minimumu ilə eytiyac meyarı arasında fərqin 2022-ci ildə minimuma enməsi, bu il isə tamamilə bərabərləşməsi uğurlu sosial siyasətin göstəricisidir. Dövlət ən aşağı səviyyədə yaşayan insanların sosial vəziyyətini yaxşılaşdırmaqla bağlı konkret addımlar atır. Məqsəd odur ki, insanların sosial rifahı yüksəlsin. Sösial qayğının nəticəsidir ki, minimum pensiya yaşayış minimumunu üstələyəcək. Bu proseslərin hamısının həyata keçirilməsi üçün ilk növbədə hökumətin özünün maliyyə dayanıqlığı olmalıdır. Maliyyə dayanıqlığı olmasa bütün bunları həyata keçirmək mümkün olmayacaq. Azərbaycanın bunların öhtəsindən gəlmək üçün maliyyə imkanları var. Üstəlik, ölkədə iqtisadi tarazılıq da var. Biz bu artımları həm də ölkənin xarici borclarının azalması konteksində həyata keçiririk. Bir tərəfdən xarici borclarımız azalır, o biri tərəfdən sosial artımlara gedirik. Vətəndaşlarımızın sosial durumu yaxşılaşır. Hesab edirəm ki, bütün bunlar olduqca önəmli sosial məsələlərdir”.
Vidadi ORDAHALLI