Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2021-ci ildəki maliyyə fəaliyyətinə dair auditor yoxlamasının nəticələri açıqlanıb. PWC beynəlxalq audit şirkətinin apardığı auditin nəticələrindən aydın olur ki, ötən il fondun xalis mənfəəti 1 milyard 556,203 milyon manat təşkil edib ki, bu da 2020-ci ilin göstəricisindən 71 faiz azdır.
ARDNF-nin internet saytında dərc edilmiş maliyyə hesabatına əsasən, ötən il fondun əməliyyat gəliri 70,6 faiz azalmaqla 1 milyard 568,011 milyon manat təşkil edib. İl ərzində fondun məzənnə fərqindən gəlirləri 1 milyard 504,135 milyon manat məbləğində (artım 21 faiz) olub. 2021-ci ildə ARDNF-nin faiz gəlirləri 93,3 faiz azalaraq cəmi 4 milyard 329 milyon manat, dividend gəlirləri 50,5 faiz artaraq 513,091 milyon manat, icarə gəlirləri 43,8 faiz azalaraq 35,906 milyon manat, qızıl külçələr üzrə zərəri 472,75 milyon manat (2020-ci ildə 2 milyard 59,788 milyon manat məbləğində gəlir) təşkil edib.
Bu arada ADNF-nin bu il üzləşdiyi iqtisadi itkilər diqqəti cəlb edir. Belə ki, ARDNF 2022-ci ilin birinci yarısında da ciddi itkilərlə üzləşib. Fondun açıqladığı büdcə məlumatlarına əsasən ötən yarım il ərzində ARDNF-nin aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı qısamüddətli bazar dəyəri dəyişkənliyindən yaranan mənfi fərq 3 milyard 434.0 milyon manata bərabər olub. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq üzündən ARDNF-nin büdcədənkənar xərcləri 1 milyard 793.3 milyon manat təşkil edib.
Maraqlıdır, bir belə iqtisadi zərər nədən qaynaqlanır?
“Avronun dollara və manata nisbətən dəyər itirməsi belə vəziyyətin yaranmasına səbəb olub”
Sözügedən məsələyə aydınlıq gətirən millət vəkili Vüqar Bayramov bunun səbəbini bir sıra amillərlə əlaqələndirdi: “Dünya iqtisadiyyatında, eləcə də beynəlxalq maliyyə bazarlarında baş verənlər ARDNF-nin investisiya portfelinə təsirsiz ötüşmür. Burada söhbət məhz manat ifadəsində valyuta səbətinin qiymətləndirilməsindən gedir. Nəzərə almaq lazımdır ki, Neft Fondunun aktivlərinin bir hissəsi avroda saxlanılır. Ancaq bu ilin fevralında Rusiya-Ukrayna müharibəsi başlayandan sonra avronun məzənnəsi azalmağa başladı. Bu da faktiki olaraq Neft Fondunun vəsaitlərinə praktiki baxımdan mənfi təsir göstərdi. Ona görə ki, bu, praktik olaraq ümumi səbətə öz təsirini göstərir. Çünki Fondun vəsaitlərinin müəyyən hissəsi avroda saxlanılır. Bu da son nəticədə manatla zərərin baş verməsinə gətirib çıxarır. Bu baxımdan hesab edirəm ki, Neft Fondunun maliyyə itkiləri əsasən valyuta məzənnələrinin dəyişməsi ilə əlaqədardır. Avronun dollara və manata nisbətən dəyər itirməsi belə vəziyyətin yaranmasına səbəb olub. Bununla belə hesab edirəm ki, ümumi aktivlərin zərərə məruz qalması nisbi xarakter daşıyır. Avronun məzənnəsi qalxarsa, bu, həmin zərəri kompensasiya edəcək. Ən nəhayət, dünyada iqtisadi artımın zəif olması və yüksək inflyasiya meylləri buna öz təsirini göstərir”.
Vidadi ORDAHALLI