Məlum olduğu kimi, Prezident İlham Əliyev sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində Səudiyyə Ərəbistanının investisiya naziri, Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında Hökumətlərarası Müştərək Komissiyanın həmsədri Xalid bin Əbdüləziz Əl-Falih ilə görüşüb.
Görüş zamanı iqtisadi əlaqələrin inkişaf etdirilməsi, o cümlədən Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin bərpaolunan enerji sahəsində ölkəmizdə həyata keçirdiyi layihə, həmçinin enerji, xüsusilə neft-qaz sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.
Işğaldan azad olunmuş ərazilərdə alternativ enerjinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılmasının nə kimi əhəmiyyəti var? İtaliyanın gündəmində Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə alternativ enerji istehsal olunması gələcəkdə ölkəmizə investisiya axını ilə bağlı necə təsir edəcək?
"Alternativ enerjiyə keçid Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfə verəcək"
Millət vəkili Aydın Hüseynov "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, Azərbaycan və İtaliya arasında ənənəvi səmimi dostluq əlaqələri son illərdə daha da qüvvətlənib, tərəflər arasında bir-birinə hörmət və rəğbət dərinləşib. İkitərəfli siyasi əlaqələrin möhkəmlənməsi müxtəlif sahələrdə əməkdaşlığın nəticəsi kimi ciddi nailiyyətlərin əldə edilməsinə səbəb olub: "Hər iki ölkənin dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri və keçirilə yüksək səviyyəli görüşlər, vacib sənədlərin imzalanması Azərbaycanı Cənubi Qafqaz regionunda İtaliyanın strateji tərəfdaşına çevirib. Prezidenti İlham Əliyevin sentyabrın 1-də İtaliya Respublikasına səfəri və Prezidenti Sercio Mattarella ilə görüşü iki ölkə arasında siyasi-iqtisadi-humanitar əlqələrin dinamik inkişafında yeni mərhələ açacaq".
A.Hüseynov bildirdi ki, İtaliya şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində iqtisadi layihələrdə, “yaşıl enerji” proqramlarında yaxından iştirak etmək niyyətlərini də bəyan edib: "Alternativ enerjiyə keçid Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfə verəcək. Bu istiqamətdə atılan addımlar göstərir ki, Azərbaycan bərpaolunan enerji növlərinin istehsalına çox böyük önəm verir. Həmçinin, xarici ölkələrə də enerji ixracı əhəmiyyətli dərəcədə artacaq".
Günel CƏLİLOVA