Azərbaycanda hələ də bir sıra dövlət qurumları, dövlətdən vəsait alsalar da, zərərlə işlədiklərini bəyan edirlər. “Azərsu” ASC, “Azərenerji” ASC, “Azərbaycan Hava Yolları” QSC (AZAL), “Azərbaycan Dəmir Yolları” QSC, “Bakı Metropoliteni” QSC kimi qurumlar dövlətdən böyük həcmdə maliyyə alsalar da, hər dəfə ili zərərlə başa vururlar.
Qeyd edək ki, hələ bir il öncə dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə olunması, onların fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin artırılması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılması məqsədilə Prezidentin fərmanı ilə İnvestisiya Holdinqi yaradılıb. Ancaq bəzi qurumlar, həm dotasiya almasına, həm də qiymətlərin yüksək olmasına baxmayaraq, zərərlə işlədiklərini bildirirlər.
“Dövlət şirkətlərinin idarəetməsi lazımi səviyyədə olmadığı üçün bu gün həmin qurumlar ziyanla işləməkdə davam edir”
Məsələ ilə bağlı fikir bildirən iqtisadçı ekspert Natiq Cəfərli qeyd etdi ki, Azərbaycanda dövlət şirkətlərinin ziyanla işləməsinin səbəbi idarəetmə və nəzarətsizliklə bağlıdır: “Dövlət qurumlarının ziyanla işləməsinin səbəbi onların balansında olan xərc hissəsinin taleyinin necə olmasındakı müəmmadır. Gəliri müəyyən etmək mümkündür, abonentlərin ödənişi şəffaf şəkildə görünür. Ancaq xərc hissəsi isə qaranlıqdır. Əksər dövlət qurumları xərc hissəsini şişirtdiyi üçün ili ziyanla başa vurur. Təmir, avadanlıqların alınması və digər işlər üçün sərf olunan vəsait normadan artıq təqdim edildiyi üçün qurumlar zərərlə işləyir”.
Ekspertin sözlərinə görə, müəssisələrdə xərclər təyinatı üzrə düzgün aparılmır. Xərclərin təyinatı üzrə istifadə olunmaması, büdcədən gələn dotasiyaların təyinatı üzrə xərclənməməsi, açıq şəkildə özünü göstərən inhisarçılıq sonda dövlət müəssisələrilə bağlı anoloji vəziyyətin yaranmasına gətirib çıxarır.
Həmsöhbətimiz onu da əlavə etdi ki, dövlət qurumlarının ziyanla işləməsinə baxmayaraq, onlara heç bir cəza verilmir. Əksinə, dövlət büdcəsindən əlavə dotasiyalar alırlar. Dövlət şirkətlərinin idarəetməsi lazımi səviyyədə olmadığı üçün bu gün həmin qurumlar ziyanla işləməkdə davam edir.
Günel CƏLİLOVA