Ədviyyatlar xörək və şirniyyatlara xüsusi dad, xoş ətir, bəzən də rəng vermək üçün istifadə olunur. Onlar insan orqanizmi üçün çox faydalıdır. Bu səbəbdən də ədviyyatlara maraq və ondan istifadə edənlər arasında ölkəmiz ön sırada dayanır. Ancaq son illər bazarda yerli istehsal ədviyyatlar deyil, daha çox idxal məhsullar üstünlük təşkil edir.
Bazarda daha çox İran, Hindistan ədviyyatları satılır. Yerli ədviyyatlar isə, demək olar ki, yox dərəcəsindədir.
Maraqlıdır, yerli ədviyyatlarımız bazara niyə çıxarılmır? Bu sahədə yerli istehsala deyil, idxala niyə üstünlük verilir?
“Ədviyyat sektoru elə bir sahədir ki, bu sahəyə kiçik sərmayə qoymaqla həm daxili bazarı təmin etmək olar, həm də xarici bazara çıxmaq olar, ancaq…”
Iqtisadçı Kamran Məmmədli qeyd etdi ki, hazırda ölkəmizin qeyri-neft sektorunda ən kiçik tələbat mallarından tutmuş avtomobillərədək xaricdən idxal olunur. Hətta ölkənin kənd təsərrüfatı sektoru belə yerli tələbatı tam ödəyəcək səviyyədə deyil. Ədviyyat sektoru elə bir sahədir ki, bu sahəyə kiçik sərmayə qoymaqla həm daxili bazarı təmin etmək olar, həm də xarici bazara çıxmaq olar. Ancaq bu gün qeyd olunan sahədə emal müəssisələrinin olmaması da bu sahənin inkişafına mənfi təsir göstərir. Bir neçə il öncə Sabirabadda ədviyyat istehsal edən müəssisə yaradıldı. Lakin həmin müəssisənin sonrakı fəaliyyəti naməlum qaldı”.
Həmsöhbətimizin sözlərinə görə, bu gün ədviyyat bazarında idxal məhsulları üstünlük təşkil edir. Halbuki, elə ədviyyatlar var ki, onların yerli istehsal potensialı daha çoxdur: "Danılmaz faktdır ki, Azərbaycana ədviyyat daha çox İrandan idxal olunur. İran mətbəxində ədviyyatlardan çox istifadə olunur deyə, istehsalı da geniş yayılıb. Azərbaycanla həmsərhəd olması, logistika imkanları, xərclərin az olması, Azərbaycanın cənub zonasından insanların İrana intensiv gediş-gəlişinin olması, ölkəmizdə kütləvi istehsalın olmaması, İran mallarının satışı üçün xüsusi dükanların təşkili İran ədviyyatının satışının daha çox olması ilə nəticələnir. İranla yanaşı ölkəmizə Hindistandan da ədviyyat idxal olunur. İranla müqayisədə Hindistandan gətirilən ədviyyatların qiyməti nisbətən baha olur".
Ekspert hesab edir ki, ölkədə ədviyyat sahəsini inkişaf etdirmək üçün emal müəssisələri yaradılmalıdır, çünki emal müəssisələrinin olmaması idxaldan asılılıq yaradır.
Günel CƏLİLOVA