Prezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmana əsasən, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 4.5-2-ci bəndinə “yoxlama başa çatanadək)” sözlərindən sonra “, habelə səyyar vergi yoxlaması zamanı yoxlamanın əhatə etdiyi dövr Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.3-1-ci maddəsinə uyğun olaraq artırıldıqda, bu barədə qərarın qəbul edildiyi vaxtdan 1 iş günü müddətində” sözləri əlavə edilib.
Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri formasında olması sahibkarlıq sahəsində hansı dəyişikliklərə səbəb olacaq?
“… sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılmasına səbəb olacaq”
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycanda sahibkarlıq sahəsində son ilər aparılan islahatlar çərçivəsində dövlətin sahibkarlara birbaşa açıq dəstəyi hiss olunmaqdadır. Ötən illər ərzində dövlət başçısının müvafiq sərəncam və fərmanları əsasında sahibkarlara dövlət dəstəyi tədbirlərinin miqyası artırılıb, sahibkarlıq sahəsində aparılan yoxlamalar dayandırılıb. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan lisenziya, sertifikat, şəhadətnamə və digər sənədləri elektronlaşdırılıb, “Elektron lisenziya” portalının yaradılması sahibkar-məmur ünsiyyətini minimuma endirib. Sahibkarlara maliyyə təminatı ilə bağlı əlavə tədbirlərin görülməsi onların imkanlarını yaxşılaşdırıb. Bu islahatların davamı kimi sahibkarlıq sahəsində yoxlamaların vahid reyestrinin yaradılması biznes sahəsində dürüstlük və şəffaflıqla bağlı islahatların mühüm tərkib hissəsi hesab edilə bilər.
Millət vəkilinin sözlərinə görə, vahid reyestr sahibkarlıq subyektlərinin hüquqlarının müdafiəsi, iqtisadi tərəqqinin təmin edilməsi, sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması, sui-istifadələrin, o cümlədən korrupsiya və ya korrupsiyaya şərait yaradan hüquqpozmaların qarşısının alınması baxımından mühüm və səmərəli dövlət nəzarəti mexanizmidir: “Bu baxımdan yeni sistemin tətbiqi aparılan yoxlamaların şəffaflığını təmin edərək hər bir yoxlayıcı qurumun yoxladığı sahədə səlahiyyətlərini və çərçivələrini dəqiqləşdirməyə, təkrarçılığı aradan qaldırmağa və dövlət resurslarından daha səmərəli istifadə etməyə imkan verəcək. Bununla da yoxlamaların tənzimlənməsi həyata keçirilir və sahibkarlıq subyektlərinin normal fəaliyyəti üçün əlavə təminatlar yaradılır”.
A.Hüseynov onu da əlavə etdi ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnaməyə dəyişikliklər yoxlamaların vahid aparılmasının mütəmadiliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması və vahid məlumat bazasının möhkəmlənməsi baxımından da mühüm əhəmiyyət kəsb edir.
Günel CƏLİLOVA